Xəbər verildiyi kimi, sentyabrın 18-də prezident İlham Əliyev Masallı Sənaye parkının açılışında iştirak edib. FED.az xəbər verir ki, məhəllədə müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb.
Məhəllədə fəaliyyət göstərən “Perla” MMC-nin yaradılmasında müasir avadanlıqlardan istifadə edilib. Burada döşək və metal yay hissələri istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 1,2 milyon manatdır. “Perla” brendi ilə satışa çıxarılacaq müəssisənin məhsulları yüksək keyfiyyəti ilə seçilir. İstehsal sahəsində 30 daimi iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 3 milyon manatdır.
Fiziki şəxs Süleyman Qurbanovun yaratdığı müəssisədə isə “Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. Müəssisə 2018-ci ilin avqustunda istismara verilib. İnvestisiya məbləği 100 min manat olan müəssisədə 7 nəfər çalışacaq. Müəssisədə ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır.
Sənaye Məhəlləsinin ilk qadın iştirakçısı olan Qənirə Zeynalovanın istehsal sahəsinə 80 min manat investisiya yatırılıb. Müəssisədə müxtəlif növ yumşaq mebellərın istehsalı təşkil edilib. Bu istehsal sahəsi 2018-ci ilin avqustunda istismara verilib. Burada 6 nəfər iş yeri ilə təmin olunub. Müəssisənin istehsal gücü ayda 30 dəst müxtəlif növ yumşaq mebeldir. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 200 min manatdır.
“Kainat-2016” MMC-nin taxta emalı və məmulatları istehsalı müəssisəsinin investisiya dəyəri 500 min manatdır. Müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Burada 15 nəfər daimi işlə təmin olunub. Müəssisə bu ilin avqustunda istismara verilib. İstehsal gücü ayda 300 kubmetrdir. Nəzərdə tutulan illik dövriyyənin həcmi isə 600 min manatdır.
Fərdi sahibkar Rahib Zərbiyev tərəfindən Sənaye Məhəlləsində 250 min manat investisiya yatırılmaqla dəmir məmulatları, işıq dirəkləri, park oturacaqları və digər məhsulların istehsalı müəssisəsi yaradılıb. Artıq bu ilin aprelindən məhsul istehsalına başlayan müəssisədə 20 iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 300 min manatdır.