Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib:
"Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 mlrd. ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı), 2027-ci ildə isə 5.4 mlrd. ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir".
Ümumilikdə isə qeyd edib ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır: "Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830.5 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70% artıb"













