"Üç və ya beş il əvvəlki vəziyyətimizlə müqayisə aparsaq, görərik ki, dataya çıxış imkanları artıb. Artıq banklar qərar qəbul edərkən həm ənənəvi, həm də alternativ datalardan daha çox istifadə edə bilirlər".
Mərkəzi Bank: "Bəzi BOKT-ların adı kibertəhdidlərlə bağlı məsələlərdə hallanır"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının data departamentinin direktoru Elmir Həsənli Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında deyib.
Onun sözlərinə görə, alternativ datalara, məsələn, dövriyyələr, POS dövriyyələri və dövlət informasiya mənbələrindən əldə edilən müxtəlif məlumatlar aid ola bilər:
"Beləliklə, qərarvermə prosesi daha dəqiq məlumatlar əsasında qurulur.
Bunun mənfi tərəfi isə təşkilat və qurumlarda həmin datalardan düzgün istifadə edilməməsidir. Bir qurum olaraq ən qabaqcıl həlli əldə edə bilərik, lakin həmin həllə təqdim etdiyimiz datalar tam və düzgün deyilsə, bu, heç vaxt doğru qərarların qəbul edilməsinə imkan verməyəcək".
"Biz də tənzimləyici qurum olaraq sektoru elə sektorun özündən əldə etdiyimiz məlumatlar əsasında qiymətləndiririk. Bu datalar nə qədər tam və dolğun olarsa, biz tənzimləyici olaraq resurslarımızı məlumatların yoxlanılmasına deyil, sektorun daha da inkişaf etdirilməsinə yönəlmiş qərarların qəbuluna daha çox ayıra bilərik", - deyə o, əlavə edib.















