İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə ipoteka kreditlərini verilməsi qaydalarına dəyişiklik edib.
Təcili: Kirayə üsulu ilə mənzili satışı – QAYDALARI DƏYİŞDİ – FONDDAN AÇIQLAMA
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına Fonddan məlumat verilib.
Məlumata görə, dəyişikliklər fondun ev almaq imkanlarından təkrar istifadəyə və müraciətlərin daha şəffaf olunmasına aiddir.
Məqsəd ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, prosesin daha da şəffaflaşması, eyni zamanda də sui-istifadə hallarının qarşısının alınmasıdır.
Beləliklə:
Dəyişikliyə əsasən, bundan sonra ipoteka kreditini o şəxslər götürə bilər ki, onlar kirayə üsulu ilə satış imkanından istifadə etməsinlər.
Yəni əgər kimsə, fondun imknalarından istifadə etməklə kirayə üsulu (bu üsul rəsmi şəkildə - mənzili almaq öhdəliyi ilə kirayə adlanır) ilə mənzil alıbsa, həmin şəxslər ipoteka krediti götürə bilməyəcəklər. Diqqət, burada söhbət hazırda qüvvədə olan kirayə müqaviləsindən gedir. Yəni əgər kirayə müqaviləsi davam edirsə, həmin şəxs ipoteka krediti götürə bilməyəcək.
Amma əgər vətəndaş kirayə üsulu ilə mənzil alıbsa, daha sonra onu başqasına ötürübsə, və indi necə deyərlər Fondla əlaqəli krediti və ya kirayə müqaviləsi yoxdursa, həmin şəxslər ipoteka krediti götürə biləcəklər.
İpoteka kreditlərində əsas dəyişiklik – limit götürülməsi (faktiki olaraq ipoteka kreditinin alınması prosesi sayılır) ilə bağlıdır. Yeniliyə əsasən, Fondun təşəbbüsü ilə bundan sonra, ipoteka kreditlərinə müraciət zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək.
Yeni həll sayəsində vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər. Bu cümləni sadələşdirsək, yəni hazırda yarış formasında olan limit götürmə prosesi başlayanda vətəndaş hökmən «SİMA İMZA»nı işə salmalı və üz tanınma prosesindən keçməli olacaq.
Məsələ ondadır ki, indiyədək bu tələb olmadığına görə, limit götürlərkən müxtəlif üsullardan istifadə olunurdu. Bəzi hallarda prosesi tez aparmaq və hamını qabaqlamaq üçün xüsusi proqramlardan istifadə olunurdu. Bəzi hallarda isə sistemə vətəndaşın özü yox, xüsusi hazırlıqlı İT mütəxəssisləri – «hakerlər» qoşulub limiti götürürdülər.
Nəticədə 20-30 milyon manatlıq kreditlər bir neçə dəqiqəyə götürülürdü. Bu da kredit limiti götürmə prosesində haqsızlığa səbəb olurdu. İndi isə yeni qaydaya əsasən prosesi yalnız vətəndaşın özü apara bilər.
İpoteka Fondu da belə problemlərin olduğunu və dəyişikliyin məhz bunun qarşısını almağa yönəldiyini etiraf edir: «Bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, ipoteka kreditlərinə müraciət zamanı yarana biləcək sui-istifadə hallarının, prosesə kənar müdaxilə riskinin, xüsusi proqram təminatlarından istifadə edilməsinin qarşısının alınmasına imkan verəcəkdir»-deyə fondun açıqlamasında bildirilir.
Yeni qayda ilə SİMA İMZA-dan necə istifadə ediləcək – bununla bağlı təlimat MyGov portalında müvafiq bölmədə yerləşdirilib.
Dəyişiklik və yeniliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.













