"Mikromaliyyə sektorunda rəqəmsallaşma maliyyə sektorunun digər iştirakçıları ilə müqayisədə nisbətən aşağı səviyyədədir. Buna görə də kibertəhdidlər bu sektorda daha az müşahidə oluna bilər. Lakin belə təhdidlər baş verdiyi təqdirdə problemlərlə üzləşmək qaçılmazdır".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKBA) İcraçı direktoru Rauf Cabarov Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
Onun sözlərinə görə, mobil tətbiqlər vasitəsilə xidmət göstərən mikromaliyyə təşkilatları da var və onların adları müntəzəm olaraq kibertəhlükəsizliklə bağlı məsələlərdə hallanır:
"Bu hadisələrin həmin təşkilatlarla birbaşa əlaqəli olub-olmamasından asılı olmayaraq, reallıq budur ki, onların adları bu cür hallarla yanaşı çəkilir və bu, müəyyən zərərlərə səbəb olur".
"Mərkəzi Banka mikromaliyyə sektor üzrə tənzimləmə çərçivəsi formalaşdırılıb. Bu tənzimləmə mikromaliyyə institutlarından müəyyən qaydalara əməl etməyi tələb edir. Bu məqamda assosiasiyanın, şirkətlərin və ekspertlərin rolu ortaya çıxır.
Mövcud tələblərə uyğun olaraq, şirkətlər və ekspertlər auditlər keçirir, boşluqların təhlilini aparır, eləcə də təşkilatlarda informasiya təhlükəsizliyi sistemlərinin qurulması istiqamətində fəaliyyət göstərirlər. Biz də bu sahədə sektora dəstək veririk", - deyə o, əlavə edib.














