Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 2026-cı ilin 9 ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib.
FED.az xəbər verir ki., bu, Azərbaycan Mərkəzi Bankının press-relizində bildirilir.
Qeyd edilib ki, cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib.
Vuğulanıb ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10.5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.
İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830.5 milyon ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70% artıb.
Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib.
Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 milyard ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı ), 2027-ci ildə isə 5.4 mlrd ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir.













