Türkiyədə İstehsalçılar və ixracatçılar üçün vergi dərəcəsi endiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Əsrində Güclü İnvestisiya Proqramı"nda çıxış edərək bildirib. O qeyd edib ki, İstanbul Maliyyə Mərkəzində vergi güzəştləri genişləndiriləcək və hazırda 20 faiz olan korporativ vergi dərəcəsinin istehsal ixracatçıları üçün 9 faizə, ümumi ixracatçılar üçün isə 14 faizə endiriləcək.
Ərdoğan qlobal şirkətləri regional idarəetmə mərkəzlərini Türkiyəyə köçürməyə təşviq etməyin prioritet olduğunu bildirib və deyib: "Biz bu şirkətlərin xarici əməliyyatlarını Türkiyədən idarə etməklə əldə etdikləri mənfəət üçün güclü vergi üstünlüyü təmin edirik. Beləliklə, növbəti 20 il ərzində İstanbul Maliyyə Mərkəzi daxilində qazanılan mənfəətin 100%-i və onun xaricində qazanılan mənfəətin 95%-i korporativ gəlirdən çıxılacaq. Həmçinin, müəyyən şərtlər altında bu yerlərdə çalışan ixtisaslı işçilər üçün əmək haqqından azadolmalar tətbiq edirik".
Xatırladaq ki, ABŞ və İsrailin İrana hücumu nəticəsində başlayan müharibənin nəticələrindən biri də körfəz ölkələrinin atəşə tutulması olub. Nəticədə bu ölkələrdəki, xüsusilə də Dubay və Qətərdəki beynəlxalq şirkətlər daha təhlükəsiz yer axtarmağa başlayıblar. Türkiyə bu vəziyyətdən faydalanmaq və həmin şirkətləri İstanbula cəlb etmək istəyir.
Ərdoğan xaricdə malların alqı-satqısında tranzit ticarətindən və ya vasitəçilik fəaliyyətindən əldə edilən gəlirlərə tətbiq edilən vergi güzəştinin indiki 50%-dən 100%-ə qaldırılacağını açıqlayıb: "Beləliklə, bu fəaliyyətlərdən əldə edilən gəlirlərə korporativ vergi yığmayacağıq. Bu təşviqi ilk dəfə olaraq İstanbul Maliyyə Mərkəzindən kənarda tətbiq edirik. Həmçinin, İstanbul Maliyyə Mərkəzindən kənarda tranzit ticarət fəaliyyəti ilə məşğul olanların qazancının 95%-ni vergidən azad edirik».













