İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 2-də xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə hərrac keçiriləcək. Hərraca Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1 ünvanında yerləşən, ilkin qiyməti 25 890 000 manat olan əmlak kompleksi çıxarılıb.
Azərbaycanda 72 dövlət əmlakı - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilir.
Dövlət Xidməti vurğulayır ki, əmlak kompleksi avadanlıqları ilə birlikdə potensial alıcılara təklif edilir.
Hərracda iştirak etmək istəyən potensial alıcılar satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərracda iştirak üçün zəruri sənədləri təqdim etmək, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmək tələb olunur. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.
Xatırladaq ki, göstərilən əmlak kompleksi artıq 2-ci dəfə hərraca çıxarılır. Əvvəlki 1 sentyabr tarixindəki hərraca təklif daxil olmadığından baş tutmayıb.