Azərbaycanda daşınmaz əmlak biznesi yeni mərhələyə qədəm qoyub. İndiyədək mövcud olan ənənəvi icarə-kirayə münasibətlərini qabaqcıl dünya təcrübələri - biznes komplekslərinin və əmlakların idarəçiliyi, daşınmaz əmlakın effektiv istismarı və sair üsullar əvəz edir.
Artıq ölkəmizdə bu sahədə peşəkar xidmət göstərən şirkətlər formalaşıb.
FED.az xəbər verir ki, əmlak menecmenti sahəsi, ümumiyyətlə biznes təyinatlı daşınmaz əmlak sektorundakı vəziyyətlə bağlı sualları Facility Management Group (FMG) şirkətinin Baş direktoru İlham Allahverdiyev cavablandırır.
- İlham müəllim, rəhbərlik etdiyiniz Facility Management Group (FMG) şirkəti ölkəmizdə daşınmaz əmlakın idarə edilməsi və istismarı sahəsində ilk yerli şirkətlərdən və peşəkarlardan hesab olunur. Oxucularımıza şirkətinizi bir qədər tanıdaq…
- Facility Management Group əmlak bazarında yeddi ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir. Şirkətimiz binaların idarəedilməsi, icarəsi, satışı, bazar analizi, binaların biznes təyinatı üzrə ixtisaslaşıb. Bizim əsas məqsədimiz insanlara peşəkar və yüksək standartlara uyğun xidmət etmək və müştəri məmnuniyyətinə nail olmaqdır.
- Bildiyimiz qədər FMG Azərbaycanda bu sahədə İSO sertifikatı alan yeganə şirkətdir.
- Bəli, şirkətimiz daşınmaz əmlakın idarəetmə sistemi sahəsində ISO 41001:2018 standartı üzrə sertifikatla təltif olunub. 21 dekabr 2021-ci il tarixində təqdim edilən sertifikat şirkətdə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) tələblərinə cavab verən daşınmaz əmlakın idarəedilməsi və istismarı sisteminin yaradılıb, tətbiq edildiyinin əyani sübutudur. Əlbəttə, bu bizə əməyin məhsuldarlığı, binaların istismarı sahəsində səmərəlilik və idarəetmə effektivliyinin artması istiqamətlərində bir sıra üstünlüklər verir.
- Facility Management Group (FMG) şirkətinin fəaliyyət göstərdiyi sahələri dəyərləndirsək, daşınmaz əmlak bazarında ən çox tələbat, dinamika hansı sahədədir: ofis icarəsi, yoxsa premium mənzillər?
- Bilirik ki, ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə davamlı islahatlar həyata keçirilir. Torpaqlarımız işğaldan azad edilib, Qarabağa həyat yenidən qayıdır. Təbii ki, ölkəmizə investorların marağı və investisiya axını artıb. Bu baxımdan sizin sualınızı cavablandırarkən qeyd etmək istəyirəm ki, hazırda ofis icarəsinə tələbat və bu istiqamətdə dinamika daha çox hiss olunur.
- Ofis seçərkən icarədarlar daha hansı məqamlara diqqət edirlər və tələbatlarına uyğun ofis tapa bilirlərmi?
- Ofis icarəsində şübhəsiz ki, müştərilərimizin əsas istəkləri təmir, parkinq, yerləşim və qiymətlə bağlı olur. Nə qədər paradoksal olsa da, şəhərin mərkəz ərazilərində hərəkətin intensivliyi, tıxaclar və nəqliyyatın sıxlığı yaşansa da, müştərilərimiz daha çox bu ərazilərdə ofis icarəsinə üstünlük verirlər. Biz isə Facility Management Group (FMG) olaraq bütün şərtlərdə müştərilərimizi razı salmağa çalışırıq.
- Bəs hazırda daşınmaz əmlak bazarında əmlak idarəçiliyinə tələbat necədir?
- Hazırda daşınmaz əmlak bazarında əmlakın idarəçiliyinə tələbat artmaqdadır və bununla bağlı şirkətimizə yeni sorğular gəlməkdə davam edir. Bu həm də, onunla əlaqədardır ki, hazırda ölkəmizin infrastruktur cəhətdən inkişafı sürətlə davam edir və xidmətlərin göstərilməsi üçün böyük bir potensial yaranır.
- Son illərin müqayisəsini götürsək, hazırda daşınmaz əmlak bazarında vəziyyəti necə qiymətləndirərdiniz?
- Son illər ölkəmizdə tikinti keyfiyyətində ciddi irəliləyiş müşahidə olunur. Böyük şirkətlər, xüsusilə PMD Group tikinti zamanı həm dünya keyfiyyət standartlarına, həm də dövlət tikinti normalarına əsaslanır. Bundan başqa keyfiyyətin yüksək dərəcədə təmin edilməsi məqsədilə tikintidə istifadə olunan bütün materiallar üçün sertifikatlar tələb edilir. Standartlara cavab verməyən materiallar tikinti sahəsində nəinki istifadə olunmur, hətta sahəyə buraxılmır. Əlavə olaraq tikintidə keyfiyyətin təmin edilməsi üçün keyfiyyətə nəzarət mühəndisləri cəlb edilir.
- Bəs qiymətlərdə tendensiya necədir? Mənzil satışı və kirayəsi qiymətlərindəki artım bazara necə təsir edir?
- Daşınmaz əmlakın qiymətinə təsir edən müxtəlif amillər var. Ölkə iqtisadiyyatından, manatın alıcılıq qabiliyyətindən tutmuş, geosiyasi hadisələrə qədər. Hətta insanların daşınmaz əmlaka münasibəti, seçim və zövqləri də müəyyən qədər rol oynayır. Getdikcə insanlar daha rahat və geniş mənzillərdə yaşamağa üstünlük verirlər. Paytaxtda əhalinin sayı artdıqca mənzillərə olan tələbat da artır. Əlbəttə ki, mənzil satışı və icarə qiymətlərində də artım müşahidə edilir. Digər tərəfdən, etiraf etməliyik ki, şəhərimiz nəinki yerli əhali üçün, həmçinin əcnəbilər üçün də cəlbediciliyini artırır. Bakı mədəniyyət, sənaye, ticarət mərkəzi olmaqla yanaşı, bir sıra nüfuzlu, əhəmiyyətli və iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu da öz növbəsində şəhərimizə olan marağı və turist axınını gücləndirir.
- Apardığınız bazar araşdırmalarına əsasən qarşıdakı 2-3 il ərzində daşınmaz əmlak bazarının vəziyyəti ilə bağlı proqnozlarınız necədir? Xüsusən də daşınmaz əmlakın idarəçiliyi sahəsində gözləntiləriniz nədir?
- Proqnozlar onu göstərir ki, tələbat daha da böyüyəcək. Yeni biznes mərkəzlərinin tikilməsi və istifadəyə verilməsi gözlənilir. İnfrastrukturun genişlənməsindən əlavə olaraq, digər səbəblər də var: texnoloji inkişaf, iş yerlərində və biznes mərkəzlərində yeni tələbatların yaranması və s. Getdikcə “outsource” xidmətlərə tələbat daha da artır. Böyük şirkətlərin də əksəriyyətinin yanaşması budur ki, əsas iş fəaliyyətindən kənar olan funksiyaları şirkət xaricindən dəstək alsınlar. Facility Management Group olaraq hədəf və gözləntilərimiz daşınmaz əmlak bazarında payımızı artıraraq, xidmət sektoruna yeniliklər gətirməkdir. Bizim işimiz biznes subyektlərinin fəaliyyətinə dəstək olmağa, mənzil mülkiyyətçilərinin yaşayış keyfiyyətinin artırılmasına yönəlib. Əsas prioritetlərimizdən biri isə yüksək müştəri məmnuniyyətidir.