İtaliyanın daha bir əyaləti 1 avroya ev satılan ərazilərin siyahısına daxil olub.
Eləcə də bax: Londonda ən bahalı ev satılıb – Kvadratı 117 Min Dollar
FED.az xəbər verir ki, simvolik qiymətə evlər bu dəfə Kastropinyano kəndində satışa çıxarılıb.
Bura Romadan 200 kilometr cənub-şərqdə Molizə regionunda yerləşir. Burada 100-ə yaxın atılmış boş ev var. Amma bu evləri hərracda satmaq əvəzinə şəhərin meri başqa üsul fikirləşib.
Belə ki, qaydalara görə, alıcı aldığı evi 3 il ərzində təmir etməlidir. Bunun üçün isə evi alan ki mi 2 min avro girov saxlamalıdır. Deyilən müddətə ev təmir edilsə, girov pul geri qaytarılır. Meriyada deyirlər ki, evlərin vəziyyəti pis deyil, onların əksəriyyətinin yalnız qapıları laxlayıb və rəngi tökülüb. Ümumilikdə belə evlərin təmiri təxminən 30-40 min avro təşkil edəcək.
Evlər isə Kastropinyanodakı qəsrin ətrafında yerləşir.
Evlərin belə ucuz satılmasında məqsəd, kəndin əhalisini artırmaqdır. İndi burada 900 nəfər yaşayır, 1930-cu ildə isə 2500 nəfər idi. Üstəlik indiki əhalinin 60%-i yaşı 70-i keçən sakinlərdir.
Merin planı baş tutsa, bu kənd turizm mərkəzinə də çevrilə bilər.