Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 157,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 46 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 929 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 118,8 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 562-si qeyri-yaşayış, 3.610-u torpaq sahələri üzrə olmaqla 4.172 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 38,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 157,4 milyon manat vəsait daxil olub.










