Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 oktyabr 2021-ci il tarixində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilib.
Eləcə də bax: “Azərtütün”ü satın alan - KİMDİR?
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 18 noyabr 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti “Azərtütün” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi ilə 25 noyabr 2021-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6.400.000 manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 8.200.000 manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsinin təmin edilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən, müəssisədə mövcud istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur.
Müsabiqə qalibi tərəfindən investisiyaların 1 il ərzində yatırılması, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yerinin yaradılması planlaşdırılır.
Beləliklə, dövlət müəssisəsinin özəlləşdirilməsi ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması istiqamətində növbəti addım olacaqdır.