Ağdam Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Ağdam Rayon Heydər Əliyev Mərkəzində torpaq və əmlak idarəçiliyi sahəsinə həsr olunmuş zona müşavirəsi keçirilib.
Ağdamda tikilən binaların nə vaxt təhvil veriləcəyi - AÇIQLANDI
FED.az xəbər verir ki, müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Xidmətin rəis müavini Rüstəm Şahbazov, Xidmətin əməkdaşları, ətraf rayonların İcra Hakimiyyətlərinin, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin müvafiq qurumlarının nümayəndələri və bələdiyyələr iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Müşavirə Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü il açan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqları salamlayıb, zona müşavirəsinin təşkil olunmasının məqsədini iştirakçıların nəzərinə çatdırıb.
Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov və digər natiqlər dövlət əmlakının qorunmasından, torpaqlardan istifadə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsindən, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işlərindən, eyni zamanda dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, elektron baza xəritələrinin işlənməsi sahəsindəki mövcud vəziyyətdən bəhs etmişlər. Müşavirə iştirakçıların qarşılıqlı müzakirəsi şəraitində davam edib.