Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir. Bu barədə iqtisadçı-alim, millət vəkili Vüqar Bayramov öz təəssüratlarını bölüşüb.
Turizm Bürosu da AZAL-dan narazıdır: "Başqa ölkələrdə biletlər bizdən ucuzdur"
FED.az xəbər verir ki, millət vəkilinin dediyinə görə, bölgələrdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövrü ilə müqayisədə xeyli yüksəldiblər: “Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımların səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarların pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyində turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşdırır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyili məhdudlaşdırır”.
Millət vəkili hesab edir ki, bir tərəfdən, sahibkarların qiymətləri artırmaması, əksinə, optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir: “Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi, vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədəuyğun olar. Eyni zamanda, qonşu Türkiyədə olduğu kimi, ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər.
Amma bütün bunlar fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir. Doğrudur, tələb artanda əksər hallarda qiymətə təsir edir. Turizm spesfik sahə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər”.