Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - eko turizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar var.
FED.az xəbər verir ki, bunu "Trend"ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək.
G.Qəhrəmanov hesab edir ki, dəniz səviyyəsindən 1400 metrə hündürlükdə yerləşən Azərbaycan mədəniyyətinin incisi Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir:
"Şuşa mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Burada tanınmış bəstəkarlar, muğam ustadları, incəsənət xadimləri yetişib. Bütün bunlar imkan verir ki, burada turistlərimizə maraqlı olan marşrutlar yaradaraq onları təqdim edək".
O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın geri qayıtması, yaşayışın və infrastrukturun bərpası, orada təhlükəsizliyin təmin olunması gərəkdir. Yalnız bundan sonra Qarabağa istirahət məqsədli səfərlər təşkil oluna bilər:
"Təəssüf hissilə bunu da qeyd edim ki, düşmənlərimiz bu illər ərzində işğal altında olan Qarabağ və ətraf rayonların əksər yerlərində mədəniyyət abidələrimizi dağıdaraq, infrastrukturu məhv edərək vandallıq nümayiş etdiriblər. Lakin yaxın gələcəkdə Qarabağ Azərbaycanın əsas turizm istiqamətinə çevriləcək və bizim hər birimizi irəlidə böyük şərəflı işlər gözləyir".