İrandan xarici ölkələrə aviabiletlərin bahalaşması sərnişinlərin sayının azalmasına səbəb olub.
Fed.az-ın Tehran bürosunun məlumatına görə, bunu Xorasan Rəzəvi əyalətinin Sərnişinlərə Xidmətlər Birliyinin katibi Məcid Furqani deyib. M. Furqani bildirib ki, Məşhəd şəhərindən xüsusi ilə Türkiyəyə səfər edən sərnişinlərin sayında 80 faiz azalma müşahidə edilib: “Son üç ayda digər ölkələrə aviabiletlərin bahalaşması ilə bu azalma daha çox nəzərə çarpır. Bunun bir səbəbi də valyutanın qiymətinin dəyişməsidir”.
Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan istiqamətində təyyarə biletlərinin qiyməti daha çox artıb. Buna görə də bu ölkələrə səfər edən sərnişinlərin sayında 80-90 faiz azalma müşahidə olunur: "Məşhəd şəhərindən sərnişinlər ən çox Türkiyəyə və İraqa səfər edir. İraqa gedən sərnişinlərin sayı 40 faiz azalıb”.