İsrailin “Arkia Airlines” və “Israir Airlines” aviaşirkətlərinin Təl-Əviv – Bakı – Təl-Əviv istiqamətlərində hava daşımaları həyata keçirməsi məqsədilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) Nazirlər Kabineti yanında Operativ Qərargahdan lazımi icazə alıb.
FED.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, “Arkia Airlines”a avqustun 15-dən həftədə iki dəfə - cümə axşamı və bazar günləri Heydər Əliyev Beynəlxalq Aeroportuna və geri istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verilib. Eyni marşrut üzrə “Israir Airlines” aviaşirkəti də avqustun 15-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə alıb. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.
Bundan əlavə, AZAL həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv – Bakı – Təl-Əviv marşrutu üzrə xüsusi reyslər yerinə yetirir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən İsrail vətəndaşları aşağıdakı şərtlərlə Azərbaycana səyahət edə bilərlər:
- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış təqdim etdikdə;
- uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etdikdə.
18 yaşına qədər İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər. Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.
İsrailə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş icazəsi almalıdılar. Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-israel
Azərbaycanda COVID-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilmişdir: https://www.azal.az/az/information/covid-clinics
Sərnişin Təl-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş istənilən klinika və ya laboratoriyada verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması arzuediləndir. Kodun mövcudluğu hava limanında rəsmiləşdirmə prosedurlarından daha sürətli keçməyə kömək edəcək.
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.