Bu il Azərbaycanın səyahət və turizm sektoru əhəmiyyətli artım yaşayacaq.
FED.az bu barədə Dünya Səyahət və Turizm Şurasının məlumatında bildirilib.
Proqnoza görə, sektorun ölkə iqtisadiyyatına verdiyi töhfə 10,3 milyard manat təşkil edəcək ki, bu da ötən il ilə müqayisədə 32% artım deməkdir. Gözləntilərə görə, il ərzində turizm və səyahət sektorunda qazanılan ÜDM-in həcmi ölkə üzrə ümumi ÜDM-in 8,2%-ni təşkil edəcək. Beynəlxalq turistlərin xərcləri 5,5 milyard manata çatacaq ki, bu da pandemiyadan sonrakı tam bərpa deməkdir. Daxili turist xərcləri isə 3,8 milyard manata çatacaq və bununla da yeni bir rekord səviyyəyə yüksələcək.
Bu il sektordan 472 min nəfərin məşğulluğuna dəstək verməsi gözlənilir ki, bu da ölkə üzrə ümumi məşğulluğun təxminən 10%-ni təşkil edəcək.
Şuranın hesablamalarına görə, 2035-ci ilə qədər Azərbaycanın Səyahət və Turizm sektoru ölkə iqtisadiyyatına 17 milyard manatdan çox töhfə verəcək, bu da ÜDM-in təxminən 11%-ni təşkil edəcək. Həmçinin bu sahə təxminən 670 min nəfərin məşğulluğunu təmin edəcək. Bu isə qarşıdakı on il ərzində təxminən 200 min yeni iş yerinin yaradılması deməkdir.
Yaxın 10 ildə beynəlxalq turistlərin xərcləri təxminən 9,5 milyard manata çatacaq, daxili turist xərcləri isə 6,3 milyard manata yüksələk.