Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu gələcəkdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv bütün ölkələrin vətəndaşlarının qarşılıqlı səfərlərinin şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilməsinin mümkün olacağına ümid edir.
FED.az xəbər verir ki, o, bu fikirləri Ankaranın 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı elan olunması münasibətilə keçirilən Texniki Dəstək Proqramı çərçivəsində layihələrə dəstək göstərilməsinə dair protokolların imzalanması mərasimində səsləndirib.
Onun sözlərinə görə, Türk Dünyasının vahid Turizm Kartının tətbiqi məsələsi də müzakirə edilir.
“Bildiyiniz kimi, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə bilirlər. Bunun bütün Türk dövlətlərində tətbiqinin mümkün olacağına inanırıq”, – deyə o bildirib.
Rəsminin sözlərinə görə, hər il təxminən 1 milyon Türkiyə vətəndaşı qardaş Türk dövlətlərinə səfər edir, TDT-yə üzv ölkələrdən isə 3,5 milyondan çox vətəndaş Türkiyəyə gəlir.
“Lakin bu göstəricilər kifayət deyil. Qarşılıqlı dialoqun, xüsusilə də qeyri-hökumət təşkilatları səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni stimul yaradılmalıdır”, – deyə Kürşad Zorlu vurğulayıb.
O əlavə edib ki, Türk dünyasında nəqliyyat-logistika layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması strateji əhəmiyyət daşıyır.













