Azərbaycanda 2026-cı ilin yay turizm mövsümü arxada qalsa da, sektorun yekun iqtisadi mənzərəsi və göstəriciləri ətrafında müzakirələr davam edir. Bəzi istiqamətlərdə hərəkətlilik müşahidə olunsa da, xüsusilə hotel sektorunda doluluq və gəlirlilik baxımından gözləntilərin tam doğrulmadığı görünür. Belə ki, gəlmə turizmdəki azalma, qiymət-keyfiyyət balansı və alternativ yerləşdirmə vasitələrinin artması mövsümün nəticələrinə birbaşa təsir göstərib.
Azərbaycanda hotel tikənə, turist gətirənə, konsert keçirənə subsidiya veriləcək – TURİZMDƏ YENİ DƏSTƏKLƏR
Regionlar arasında fərq
FED.az xəbər verir ki, "Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi deyir ki, iyun–avqust aylarını bütövlükdə əhatə edən yekun rəsmi hotel statistikası hələ açıqlanmayıb: "Buna görə yayın yekunu barədə konkret fikirlər demək əvəzinə, son açıqlanmış göstəricilər əsasında ilkin qiymətləndirmə vermək daha düzgündür. Yay mövsümünü çox yüksək nəticə ilə başa vurduğumuzu söyləmək üçün hələ əsas yoxdur. Son rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar–iyununda hotellərdə birdəfəlik tutumdan istifadə ölkə üzrə 19,3 % olub. Amma bu göstərici ötən ilin eyni dövründə 21,4 % idi. Regionlar arasında fərq kifayət qədər böyükdür: Naftalanda 41,7 %, Şabranda 34,1 %, Qusarda 26,7 %, Lənkəranda 18,7 %, Qəbələdə isə 15,8 % qeydə alınıb. Təbii ki, iyul və avqust ənənəvi olaraq daha aktiv aylardır və ayrı-ayrı hotellərdə, xüsusilə həftə sonları, bu göstəricilər xeyli yüksək ola bilər. Lakin bir neçə hotelin yüksək doluluğunu bütöv regionun nəticəsi kimi təqdim etmək düzgün olmaz".
İcraçı direktor qeyd edib ki, iqtisadi mənzərə də birmənalı deyil: "İlk 6 ayda hotellərdə gecələmələrin sayı 8,3 %, hotel gəlirləri isə 3,8 % azalıb. Digər tərəfdən, yanvar–iyulda "turistlərin yerləşdirilməsi və ictimai iaşə" sahəsində yaradılan əlavə dəyər real ifadədə 3,5 % artıb və ÜDM-in 2,9 %-ni təşkil edib. Yəni restoran və digər xidmətləri də daxil etdikdə sektor iqtisadi artım göstərir, lakin məhz hotel bazarında vəziyyət daha mürəkkəbdir. Üstəlik, ölkəyə gələn əcnəbilərin sayı yanvar–iyulda 9,2 % azalıb. Buna görə builki nəticələri "gözləntilər tam doğruldu" kimi qiymətləndirməzdim; daha düzgün ifadə odur ki, sektor müəyyən dayanıqlılıq göstərib, amma hotel bazarı potensialından aşağı işləyib".
Onun sözlərinə görə, 2026-cı ilin yay mövsümünü əhatə edən reprezentativ turist məmnuniyyəti sorğusunun açıq nəticələri hələ yoxdur: "Ona görə turistlərin neçə faizinin razı və ya narazı olduğunu demək mümkün deyil. Bununla belə, qiymət–keyfiyyət nisbətinin sektorun əsas problemlərindən biri olaraq qaldığı görünür. Yanvar–iyulda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri illik müqayisədə 5,7 %, qida məhsullarının qiymətləri isə 6,8 % artıb. Maraqlıdır ki, yeni 2026–2030-cu illər Dövlət Proqramında da Dövlət Turizm Agentliyinin əvvəlki turist sorğularına istinadən turistlərin gözləntiləri ilə real təcrübələri arasındakı fərqlərin əsasən əlverişli qiymət, gigiyena və müştəri xidməti sahələrində müşahidə olunduğu göstərilir. Bu, artıq struktur problemi kimi qəbul olunur. Məncə, turist üçün məsələ sadəcə qiymətin yüksək və yaxud aşağı olması deyil. Turist ödədiyi məbləğin qarşılığında hansı otağı, servisi, qidanı, əyləncəni və ümumi təcrübəni aldığını müqayisə edir. Bu baxımdan regionlarımızda qiymət–keyfiyyət balansının yaxşılaşdırılması hələ də ən vacib məsələlərdəndir".
İşğaldan azad edilmiş ərazilərə maraq
S. Dübəndi əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzura marağın artdığı görünür və bu istiqamətin turizm məhsulu kimi formalaşması artıq daha sistemli mərhələyə keçir: "Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının "turizm paytaxtı" olması da bu marağı gücləndirən amillərdəndir. Rəsmi statistikada yanvar–iyun aylarında ölkə hotellərində keçirilmiş bütün gecələmələrin 1,8 %-i Şuşanın payına düşüb ki, bu, təxminən 32,5 min gecələmə deməkdir. Laçında isə hotel tutumundan istifadə səviyyəsi 17,6 % olub. Bu göstəricilər marağın olduğunu göstərir, amma tam yay mövsümü üzrə Şuşa və Laçının dəqiq doluluq rəqəmləri hələ açıqlanmadığından "hotellər tam dolu idi" kimi ümumiləşdirmə düzgün olmazdı. Eyni zamanda, avqustun 24–25-də Azərbaycan Turizm Bürosunun 50 yerli turizm sənayesi nümayəndəsi üçün Xankəndi–Şuşa–Laçın marşrutu üzrə tanışlıq səfəri təşkil etməsi regionun artıq kommersiya turizm marşrutlarına daha fəal inteqrasiyasına hazırlıq getdiyini göstərir".
Ekspert vurğulayıb ki, bu il xaricə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı artmayıb: "Yanvar–iyulda 1 milyon 160,1 min ölkə vətəndaşı xaricə səfər edib və bu, ötən ilin eyni dövründən 2,4 % azdır. Səfərlərin 42,7 %-i Türkiyənin, 15,9 %-i Rusiyanın, 12,4 %-i Gürcüstanın, 5,8 %-i İranın payına düşüb. Türkiyəyə səfərlər 2,7 %, Gürcüstana isə 8 % artıb. Ona görə daxili hotellərin doluluğundakı zəifləməni yalnız insanların xaricə getməsi ilə izah etmək doğru olmazdı. Xarici istiqamətlər, xüsusilə Türkiyə və Gürcüstan daxili turizmlə ciddi rəqabət aparır və turist qiyməti, nəqliyyat xərclərini, xidmət səviyyəsini və təklif olunan əyləncə imkanlarını müqayisə edir. Amma hotel bazarına eyni zamanda ölkəyə gələn xarici qonaqların sayındakı 9,2 %-lik azalma, qiymət–keyfiyyət münasibəti, mövsümilik, nəqliyyat əlçatanlığı və turizm məhsullarının çeşidi də təsir göstərir. Yəni burada söhbət bir səbəbdən yox, bir neçə amilin eyni vaxtda təsirindən gedir".
Onun sözlərinə görə, bu ilin yayı Azərbaycan turizmi üçün zəif mövsüm olmayıb, lakin mövcud potensialla müqayisədə daha yüksək nəticələr əldə etmək mümkün idi: "İndi əsas məsələ turist sayını sadəcə artırmaq yox, onun bölgələrdə daha uzun qalmasını, daha çox xidmət almasını və ödədiyi qiymətə uyğun keyfiyyətli təcrübə əldə etməsini təmin etməkdir. Məhz bu halda yüksək mövsümdəki turist axını hotellərin real doluluğuna, gəlirinə və regionların iqtisadiyyatına daha güclü təsir göstərəcək. Ümumilikdə, yay mövsümünü qiymətləndirərkən tələsməmək daha doğru olaraq. Hazırkı göstəricilər bizə müəyyən tendensiyaları görməyə imkan verir, lakin iyun, iyul və avqust aylarını tam əhatə edən rəsmi statistika açıqlanandan sonra hotellərin doluluğu, gecələmələrin sayı, gəlirlər, daxili və gəlmə turizmin dinamikası üzrə daha dəqiq və obyektiv nəticə çıxarmaq mümkün olacaq. Hesab edirəm ki, həmin məlumatlar həm mövsümün real nəticələrini görməyə, həm də qarşıdakı illər üçün daha düzgün qərarlar verməyə imkan yaradacaq".
Doluluq səviyyəsinin aşağı olmasının səbəbi
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə qeyd edir ki, artıq yay mövsümü geridə qalır və Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən də bu ilin ortasına qədər olan göstəricilərdə, hətta iyula qədər olan göstəricidə də ölkəyə gələn əcnəbi turistlərin keçən illə müqayisədə təxminən 9 % az olduğu, xərcləmələrin 20 % azaldığı göstərilib: "Bu azalma hotellərin doluluq səviyyəsinə də təsir göstərməyə bilməz. Çünki xüsusən də regiondakı hotellər daha çox yay mövsümündə doluluq yaşayırlar. Burada həm xaricdən gələn turistlər, həm də yerli turistlər üçün istirahət imkanları yaradır. Gələn turistlərin özünün az olması yerli hotellərin də, regiondakı hotellərin də doluluq səviyyəsinin tam şəkildə yüksəkdə tutulmasına imkan yaratmadı. Əlbəttə ki, onların da müəyyən sabit xərcləri var. Əlbəttə ki, ona görə də xüsusən də turizm sektorunda bu iqtisadiyyata gəlir gözləntiləri, doluluq gözləntiləri daha aşağı oldu. Bu, onların əlbəttə ki, xərclərinə də təsir etmiş olub".
Yayda turistlərin xidmət keyfiyyəti, qiymətdən razılıq səviyyəsi məsələsi ilə bağlı təşkilat rəhbəri bildirib ki, bu dövrdə doluluq səviyyəsi çox olmadığı üçün xidmət keyfiyyəti əslində normal qiymətləndirilə bilər: "Qiymətlər də əvvəlki ilə müqayisədə heç də yüksək olmayıb, hətta daha çox hotellər məcbur daha çox endirimlərə getdilər. Çünki tələb daha aşağı səviyyədə oldu. Daxili turizmdə tələbat yüksək olsa da, xaricdən gələn turistlərin azlığı səbəbindən tələb elə də çox olmadı. Çünki həmdə buna təklif tərəfdən baxsaq, nəzərə alsaq ki, təkcə hotellər yox, qalmaq üçün villalar, kənd evlərinin sayı artıb, digər qalma, yerləşdirmə yerlərinin sayı kifayət qədər artıb. Bu, qiymətləri müəyyən qədər sabit saxlayır, hətta bazara daha əlverişli alternativlər də təklif edib".
İşğaldan azad olunmuş ərazilərə turların təşkilinə toxunan C. Aşurov əlavə edib ki, buraya səfərlərin sayında kifayət qədər çox artım var: "Amma bu istiqamətə gedənlərin əksəriyyəti elə Azərbaycan vətəndaşlarıdır. Onlar daxili turlarla hərəkət edirlər. Azad edilmiş ərazilərə səfərlərdə 1-2 günlük turların sayı daha çoxdur. Düşünürük ki, gələcəkdə həmin istiqamətdə marşrutların artması, orada infrastrukturun genişlənməsi, inkişafı orada qalanların sayına da öz müsbət təsirini göstərəcək. Hazırda Qarabağdan olan vətəndaşlarımız bu ərazilərə daha çox öz ata-baba yurdlarını, dost-qohumları ziyarət etmək üçün gedirlər. Eyni zamanda Azərbaycan vətəndaşları həmin əraziləri görmək üçün qısamüddətli turlar olaraq bu ərazilərə maraq göstərirlər. Amma həmin ərazilərin turistik potensialından tam şəkildə məlum səbəblərə görə istifadə edilə bilinmir".
Ekspert xaricə gedən turistlərlə bağlı məsələyə də diqqət çəkib: "Azərbaycandan xaricə gedən turist sayı da hələ tam bərpa olunmayıb. Çünki 2019-cu ildə bu rəqəm 5,5 milyon idisə, keçən il bu rəqəm təxminən 2,2 milyon ətrafında olub. Bu il də elə də çox olmayacaq. Nəzərə almaq lazımdır ki, həm də xarici bazar turpaketlərin qiymətində də ciddi artım var. Buna həm inflyasiya, həm qlobal iqtisadi səbəblər, həm də İran, İsrail, ABŞ müharibəsi nəticəsində təyyarə yanacağının qiymətinin kəskin artması da təsir göstərib. Eyni zamanda, bəzi uçuşlar daha da optimallaşıb. Uçuşların sayı aşağı düşüb və nəticədə olanların qiymətləri artıb. Azərbaycandan xaricə səfərlərdə ciddi artım yoxdur, əksinə durğunluq müşahidə olunur".
C.Aşurov vurğulayıb ki, xaricə gedənlər isə ən çox yaxın ölkələrə üz tuturlar: "Buraya əsasən Türkiyə daxildir. Azərbaycandandan xaricə gedənlərin təxminən 10 nəfərdən 4-ü bu ölkəyə üz tutur. Bundan başqa, vətəndaşlar Rusiya, Gürcüstan istiqamətlərinə də üstünlük verirlər. Hazırda Misir turları, Körfəz ölkələrinə gedənlərin sayı məlum səbəblərdən nisbətən azdır".
Turizm gəlirlərinin artmasına imkan yaradacaq amillər
Turizm üzrə ekspert Rəhman Quliyev isə hesab edir ki, yay mövsümündə Azərbaycanın əsas turizm bölgələrində hotel və istirahət mərkəzlərinə tələbat kifayət qədər yüksək olub və xüsusilə həftə sonları doluluq səviyyəsi artıb: "Bununla belə, qiymətlərin yüksək olması və bəzi bölgələrdə xidmət imkanlarının məhdudluğu ümumi doluluğun daha yüksək göstəricilərə çatmasına mane olub. Turizm sektorunun ölkə iqtisadiyyatına gətirdiyi gəlirlər baxımından gözləntilər özünü doğruldub. Mövsümilikdən asılılığın azaldılması və regionlarda xidmət keyfiyyətinin yüksəldilməsi turizm gəlirlərinin daha da artırılmasına imkan verə bilər".
Ekspert qeyd edib ki, bu yay turistlərin xidmət keyfiyyəti ilə bağlı ümumi gözləntiləri əsasən qarşılanıb, xüsusilə iri turizm mərkəzlərində xidmət standartlarında müəyyən irəliləyiş müşahidə olunub: "Bununla yanaşı, bəzi bölgələrdə qiymətlərin yüksək olması turistlərin əsas narazılıq mənbələrindən biri olaraq qalır. Qiymət və xidmət keyfiyyəti arasında balansın təmin edilməsi Azərbaycanın turizm bazarında rəqabət qabiliyyətini daha da artıracaq".
Onun sözlərinə görə, yay mövsümündə işğaldan azad edilmiş ərazilərə, xüsusilə Şuşa və Laçına təşkil olunan turlara turistlərin marağı yüksək olub və bölgələrə səfərlərin sayı artıb: "Hotellərdə, xüsusilə həftə sonları və bayram günlərində doluluq səviyyəsinin yüksək olduğu müşahidə edilib".
Ekspert sonda deyib ki, bu yay yerli turistlərin ölkə daxilində istirahətə marağı yüksək olub və daxili turizm xaricə səfərlərdən daha çox üstünlük təşkil edib: "Azərbaycandan Türkiyə və Gürcüstana gedən turistlərin sayının çox olmasına baxmayaraq, Azərbaycanın bölgələrində hotel və istirahət mərkəzlərinə tələbat yüksək olaraq qalıb". (Report)













