Azərbaycanda təkrar mənzil bazarında il ərzində həyata keçirilən alqı-satqı əməliyyatlarının məbləği 5,4 milyard manatı keçib.
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO
FED.az xəbər verir ki, 2025-ci ildə Azərbaycanın təkrar mənzil bazarında 41 606 mənzil satılıb. Satılan mənzillərin ümumi sahəsi 2 milyon 704 min 211 kv.metr, bağlanmış əqdlərin ümumi məbləği isə 5 milyard 401 milyon 896 min manat olub.
Başqa sözlə, Azərbaycanda təkcə təkrar mənzil bazarında bir il ərzində 5,4 milyard manatdan artıq vəsaitlik rəsmi alqı-satqı əqdi bağlanıb. Göstəricilər elan saytlarındakı təklif qiymətləri deyil, notarial qaydada rəsmiləşdirilmiş əqdlərdə göstərilən real alqı-satqı qiymətləri əsasında hesablanıb.
Bir mənzilin orta satış qiyməti 129 835 m anat, orta sahəsi isə 65 kvadratmetr olub. Bu hesabla ölkədə satılan mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1998 manat təşkil edib.
Hər gün 15 milyon manatlıq mənzil satılır
5,402 milyard manatlıq illik göstəricini təqvim günlərinə böldükdə, Azərbaycanda təkrar bazarda orta hesabla hər gün təxminən 14,8 milyon manatlıq mənzil alqı-satqısı həyata keçirilib.
Aylıq orta göstərici isə təxminən 450,2 milyon manat təşkil edir.
2025-ci ildə satılan 41 606 mənzilin ümumi sahəsi 2 milyon 704 min 211 kvadratmetr olub.
Bir mənzilin orta satış qiyməti 129 835 manat, orta sahəsi 65 kvadratmetr, 1 kvadratmetrin orta satış qiyməti isə 1 998 manat təşkil edib.
5,4 milyard manatın 4,16 milyardı Bakıda dövr edib
Mənzil bazarındakı pul dövriyyəsinin böyük hissəsi Bakıda cəmləşib.
2025-ci ildə paytaxtın təkrar mənzil bazarında 25 031 alqı-satqı əqdi bağlanıb və onların ümumi dəyəri 4 milyard 161 milyon 801 min 88 manat təşkil edib.
Beləliklə, ölkə üzrə 5,402 milyard manatlıq təkrar mənzil satışlarının düz 77%-i Bakının payına düşüb.
Maraqlıdır ki, Bakı mənzil satışlarının sayında ölkə bazarının 60,2%-ni, pul ifadəsində isə 77%-ni təşkil edir. Bunun əsas səbəbi paytaxtda mənzillərin daha baha olmasıdır.
Bakıda bir mənzilin orta satış qiyməti 166 266 manat, 1 kvadratmetrin orta qiyməti isə 2 482 manat olub.
Bakıdan sonra 530 milyon manatla Abşeron gəlir
İkinci ən böyük bazar Abşeron rayonudur. Burada 2025-ci ildə 6 054 mənzil 529 milyon 851 min manata satılıb. Abşeronun ölkə üzrə mənzil satışlarının pul ifadəsində payı 9,8% olub.
Sumqayıtda 3 838 mənzil üzrə 339,7 milyon manat, Gəncədə 2 202 mənzil üzrə 138,6 milyon manat, digər şəhər və rayonlarda isə 4 481 mənzil üzrə 232 milyon manata yaxın alqı-satqı həyata keçirilib.
Beləliklə, Bakı, Abşeron, Sumqayıt və Gəncə birlikdə ölkənin təkrar mənzil bazarındakı pul dövriyyəsinin təxminən 96%-ni formalaşdırıb.
3,35 milyard manat yeni tikililərə xərclənib
5,4 milyard manatlıq bazarın böyük hissəsi yeni tikililərdəki mənzillərin payına düşüb.
İl ərzində yeni tikililərdə 21 629 mənzil satılıb və bu əqdlərin ümumi məbləği 3 milyard 346 milyon 677 min 450 manat təşkil edib.
Bu, ölkədə təkrar mənzil bazarındakı bütün pul dövriyyəsinin 62%-i deməkdir.
Sovet dövründə tikilmiş binalarda 18 865 mənzil 1 milyard 919 milyon 349 min manata, sovet dövründən əvvəl tikilmiş binalarda isə 1 112 mənzil 135,9 milyon manata satılıb.
Beləliklə, hər 100 manatlıq mənzil satışının 62 manatı yeni tikililərin payına düşüb.
682 milyon manatlı mənzil ipoteka ilə satılıb
5,4 milyard manatlıq bazarın yalnız bir hissəsi ipoteka kreditlərinin hesabına formalaşıb.
2025-ci ildə 6 332 mənzil alqı-satqısında ipoteka kreditindən istifadə edilib. Bu, bütün mənzil satışlarının 15,2%-dir.
Bu əqdlər üzrə istifadə olunan ipoteka kreditlərinin ümumi məbləği 681 milyon 649 min 719 manat olub. Başqa sözlə, təkrar mənzil bazarındakı 5,402 milyard manatlıq ümumi satış məbləğinin 12,6%-i ipoteka kreditləri ilə maliyyələşdirilib.
İpoteka maliyyələşməsinin böyük hissəsi də Bakının payına düşüb – paytaxtda mənzil alışlarına 593,6 milyon manat ipoteka krediti yönəldilib.












