Azərbaycanın məşhur otellərindən biri, Xəzər dənizi sahilində yerləşən Bilgah Beach Hotel fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, bu barədə otel özü məlumat yayıb.
«Bilgah Beach Hotel»in sosial şəbəkəsində yayılan məlumata görə, otel 2 illik müddətə təmirə bağlanır.
«Bilgah Beach Hotel geniş təmir işləri üçün müvəqqəti bağlanacaq və lüks təcrübənizi yüksəltmək üçün heyrətamiz transformasiya ilə 2027-ci ilin yayında yenidən açılacaq»-deyə məlumatda bildirilir.
«Yenilənmək və təmir işləri məqsədilə fəaliyyətimizə ara vermişik, lakin 2027-ci ilin yay fəslində möhtəşəm açılışla sizi qarşılamağı səbirsizliklə gözləyirik! Görüşmək ümidi ilə!»-deyə otel öz müştərilərini xəbərdar edib.
Qeyd edək ki, «Bilgah Beach Hotel» Bilgəh qəsəbəsində «Jumeirah» brendi altında 2011-ci ildə fəaliyyətə başlayıb. "Bilgah Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk hoteli idi və 4 il müddətində tikilmişdi.
Amma bir neçə ildən sonra həmin brendlə əməkdaşlıq dayandırılıb, otel indiki adı ilə fəaliyyətini davam etdirir və «Absheron Hotel Group»a məxsusdur. Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır.
Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park, tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları var. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilib.