Azərbaycanda uzun müddət brendə çevrilmiş milli mətbəx və qastronomik imkanlar nəhayət kimi, dünya miqyasına çıxacaq. Azərbaycan hökumətinin ölkədə turizmin inkişafında əsas təsir vasitələrindən biri milli mətbəx və turistlər arasında məşhur olan restoran biznesi olacaq.
FED.az xəbər verir ki, prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkədə turizmin inkişaf məqsədilə nəzərdə tutulan tədbirləndən biri də ölkənin ən yaxşı restoranlarının dünya platformalarında tanınması olacaq.
Sənədə əsasən Azərbaycanda restoranların beynəlxalq səviyyədə tanıdılması üçün yeni proqram başlanacaq. Hədəf budur ki, ölkədə fəaliyyət göstərən 70 restoran (ictimai iaşə müəssisəsi) beynəlxalq restoran bələdçilərinin məlumat bazalarına daxil ediləcək, 3 müəssisə isə beynəlxalq restoran qiymətləndirmə sistemlərinin nüfuzlu sertifikatlarına namizəd göstəriləcək.
Bu tədbirlər Dövlət Proqramında ayrıca istiqaməti olan qastronomiya turizminin inkişafı bölməsində nəzərdə tutulur. Beləliklə,
Əvvəlcə 500, daha sonra 70 restoran seçiləcək
Proqrama əsasən, 2026–2030-cu illərdə ölkə restoranları beynəlxalq aləmdə tanıdılacaq. Belə ki, ölkədə beynəlxalq restoran bələdçiləri sistemlərinə inteqrasiya potensialına malik olan, yəni beynəlxalq tələblərə cavab verən restoranlar müəyyən ediləcək və qiymətləndiriləcək.
İlk növbədə ölkədə 500-ə yaxın restoranın dünyada müştəri məmnunluğunu müəyyən edən sosial media platformalarına inteqrasiyasına dəstək veriləcək.
Daha sonra bunlar arasından seçilmiş 70 restoran haqqında məlumat beynəlxalq restoran bələdçilərinin məlumat bazalarına yerləşdiriləcək. Söhbət konkret olaraq “Gault & Millau” və “La Liste” kimi beynəlxalq restoran bələdçilərindən gedir.
70 restorandan 3-ü ulduz ala bilər
Proqramda restoranla bağlı ən maraqlı tədbirlərdən biri Azərbaycan restoranlarına ulduz verilməsi planıdır.
Sənədə əsasən, 3 restoranın beynəlxalq restoran ölçmə və qiymətləndirmə sistemlərinin müəyyən etdiyi “Ulduz”, “Açar”, “Gurman” və digər sertifikatlara namizəd göstərilməsi nəzərdə tutulur. Amma, dövlət bu restoranlara otellərdə olduğu ki mi ulduz verməyəcək, sadəcə həmin restoranlar dünyada ulduz verən təşkilatlar üçün namizəd göstəriləcək. Restoranların qiymətləndirilməsi və mükafatın verilib verilməyəcəyi barədə qərar beynəlxalq sistemlərin qaydalarından asılı olacaq.
Yəni əvvəlcə ölkə üzrə 500 restoran, onların arasından 70 daha yaxşı restoran, daha sonra isə 3 ulduza namizəd restoran seçiləcək.
Məsələ təkcə restoranlarla və Bakı ilə bitmir
Qastronomik turizmin inkişafı üçün əlavə tədbirlər də nəzərdə tutulur. Bunlardan biri Azərbaycanda beynəlxalq qastronomiya tədbirinin keçirilməsidir. Proqrama əsasən, 2026–2030-cu illərdə Azərbaycanda azı bir beynəlxalq qastronomiya tədbirinin, seçilmiş qastronomiya regionlarında isə 5 festivalın keçirilməsi planlaşdırılır.
Eyni zamanda Azərbaycan aşpazlarının beynəlxalq səviyyəyə çıxarılması nəzərdə tutulur. Proqrama görə, dövrün sonunadək 200 aşpazın beynəlxalq dərəcəli sertifikat əldə etməsi hədəflənir.













