2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 539,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Eləcə də bax: Turizm obyektlərinə giriş - ÖDƏNİŞSİZ OLACAQ - SİYAHI
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunub, onların sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalıb.
Cari ilin yanvar-aprel aylarında gələnlərin 30,4 faizi Rusiya, 27,9 faizi Gürcüstan, 12,3 faizi Türkiyə, 6,1 faizi İran, 2,3 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Ukrayna,1,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Pakistan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,2 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 74,0 faizini kişilər, 26 faizini qadınlar təşkil edib.
Cari ilin yanvar-aprel aylarında Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 4,1 dəfə, Çindən - 3,5 dəfə, İspaniyadan, Omandan və Polşadan - 2,5 dəfə, Yaponiyadan – 2,4 dəfə, Qətərdən və Niderlanddan - 2,3 dəfə, ABŞ-dan, İraqdan, İtaliyadan, Fransadan və Kanadadan gələnlərin sayı 2,2 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,2 dəfə azalaraq 15,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,0 dəfə azalaraq 70,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,4 dəfə azalaraq 197,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 65,8 faizi dəmir yolu və avtomobil, 32,8 faizi hava, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.