2025-ci ilin yekunlarına əsasən, turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin adambaşına düşən xərcinin məbləği açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə fərdi qaydada ən çox vəsait xərcləyən turistlər Amerika qitəsindən və Yaxın Şərqdən gələnlər olub.
Renkinqə ABŞ başçılıq edir. Bu ölkədən gələn hər bir turist Azərbaycanda orta hesabla 2 min 479 manat vəsait xərcləyib.
İkinci yerdə Qətər qərarlaşıb – bu ölkənin vətəndaşlarının adambaşına düşən xərci 2 min 302 manat olub.
Kanada 2 min 293 manat göstərici ilə üçüncü sırada yer alıb. Yaponiya turistləri isə orta hesabla 2 min 206 manat xərcləyərək dördüncü olublar.
Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:
Küveytdən gələnlər orta hesabla 2 min 158 manat, Hindistandan gələnlər isə 2 min 115 manat xərcləyiblər.
Birləşmiş Ərəb Əmirlikləri 2 min 107 manat göstərici ilə siyahıda yer alıb. İspaniya turistlərinin ortalama xərci 2 min 48 manat olub.
Siyahının ilk onluğunu Səudiyyə Ərəbistanı (2 min 37 manat) və İsrail (2 min 36 manat) tamamlayır.
Həmçinin Bəhreyn (2 min 26 manat), Böyük Britaniya (2 min 26 manat) və İtaliya (2 min 1 manat) turistlərinin də xərcləri 2 min manatdan yuxarı olub.











