Xəbər verildiyi kimi, Azərbaycan Hava Yolları şirkəti (AZAL) noyabrın 24-də çoxsaylı istiqamətlər üzrə biletləri indiyədək görünməyən endirimlə satışa çıxarıb.
FED.az xatırladır ki, birbaşa qeyd edilməsə də, budəfəki endirim, dünyada geniş qeyd edilən böyük endirim günü - «Qara Cümə»yə təsadüf edirdi.
Noyabrın 24-də səhər saat 8-dən başlayan və bu gün səhər saat 8-də başa çatan endirim çərçivəsində AZAL-ın Avropa, Asiya və Yaxın Şərq ölkələrində müxtəlif şəhərlərə, ümuilikdə 35-dən çox istiqamət üzrə endirimli biletləri satışda olub.
Ötən sutka ərzində İstanbul, Moskva, Tbilisi, London, Vyana, Barselona, Milan, Praqa və s. kimi istiqamətlərə biletləri cəmi 39 avrodan başlayan qiymətlərlə almaq mümkün idi.
Kampaniya çərçivəsində satışa çıxarılan biletlər isə 2024-cü il yanvarın 15-dən martın 6-dək həyata keçirilən uçuşlara şamil edilirdi.
Endirimli uçuşların istiqaməti ilə yanaşı, satışa çıxarılan biletlərin sayı da rekord həddə olub. Belə ki, şirkətin açıqladığı son məlumatlara görə kampaniya zamanı təxminən 28 000 endirimli aviabilet satışa çıxarılıb. Son illərə qədər biletlərinin yüksək qiyməti dəfələrlə müzakirə obyekti olan AZAL üçün bu rekord göstəricidir.
Yeri gəlmişkən, budəfəki kampaniyada şərtlərdən biri AZAL-ın yeni mobil tətbiqinin yüklənməsi idi – güzəştli biletləri yalnız mobil tətbiq vasitəsilə almaq mümkün idi. Nəticədə bir gün ərzində AZAL-ın mobil tətbiqi kütləvi şəkildə yüklənib, tətbiqə maraq elə böyük olub ki, AZAL-ın mobil əlavəsi (https://bit.ly/azal-app) bu kateqoriya üzrə proqramlar arasında yükləmə sayına görə ilk sıralara yüksəlib.
AZAL-dan bildirilib ki, bundan sonra endirim kampaniyaları mütəmadi keçiriləcək, endirimli bilet satılan istiqamətlərin sayı isə artırılacaq.