Kiçik sahibkarlıq subyektləri məşğulluğun təmin edilməsində və iqtisadi aktivliyin davamlılığında mühüm rol oynayır.
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
FED.az xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin idarə rəisinin müavini Günel Bəhramqızı deyib.
O bildirib ki, bir sıra hallarda kiçik sahibkarlar müəyyən səbəblərdən orta kateqoriyaya keçə bilməsələr də, uzun müddət stabil fəaliyyətlərini davam etdirirlər.
“Onların fəaliyyətinin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur. Belə ki, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmayan sahibkarlıq subyektlərinə gəlir (mənfəət) vergisi məbləğinin 25 faizi həcmində güzəşt veriləcək. Güzəşt 5 il müddətinə, vergi ili üzrə əmək münasibətləri pozulmadığı halda tətbiq olunacaq”, - deyə rəis müavini qeyd edib.
Onun sözlərinə görə, bu yanaşma kiçik sahibkarların fəaliyyətini sabitləşdirəcək, dövriyyənin süni şəkildə azaldılmasının qarşısını alacaq və rəsmi məşğulluğun qorunmasına şərait yaradacaq: “Eyni zamanda, vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və stabil fəaliyyət göstərən subyektlərin dəstəklənməsi sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsinə təkan verəcək.
Nümunə: 2026-2027-ci illərdə kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən müəssisənin 2026-cı ildə dövriyyəsi 500 min manat, 2027-ci ildə isə 700 min manat olub. Yəni illik dövriyyə əvvəlki illə müqayisədə artıb. 2027-ci ildə müəssisənin xərclərinin 300 min manat olduğu nəzərə alınmaqla, 80 min manat mənfəət vergisi hesablanıb. Müəssisənin dövlət büdcəsinə vergi borcu olmadığı və əmək münasibətlərini pozmadığı təqdirdə, yeni güzəşt mexanizminə əsasən, 2027-ci ildə həmin vergi məbləğinin 25 faizi (20 min manat) azaldılır və müəssisə 80 min manat əvəzinə 60 min manat vergi ödəyir”.













