Almaniya Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) 2019-cu ildə ümumilikdə, 183 954 nəfərin sığınacaq istəyi ilə bağlı ərizəsinə baxıb.
FED.az xəbər verir ki, BAMF-dan verilən məlumatda deyilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının da olduğu 57 012 nəfərin sığınacaq üçün müraciətinə baxılacaq.
Federal idarədən bildirilib ki, təkcə 2019-cu ildə Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edənlərin sayı 142 509 nəfər olub. Bu, əvvəlki illə müqayisədə 12% azalma deməkdir.
BAMF keçən il Cenevrə Konvensiyasına görə sığınacaq üçün müraciət edənlərdən cəmi 45 053 nəfərə qaçqın statusu verib. Bundan əlavə, 19 419 nəfər yardımçı müdafiə hüququ və 5 857 nəfər isə, deportasiyadan müdafiə hüququ alıb. 54 034 nəfərin ərizəsi rədd edilib və barələrində yerli idarə məhkəmələri tərəfindən deportasiya qərarı çıxarılıb. Onlara könüllü ölkəni tərk etmələri üçün vaxt verilib.
460 azərbaycanlı Almaniyadan könüllü qayıdıb.
BAMF-dan həmçinin bildirilib ki, son 5 ildə Azərbaycan vətəndaşlarının könüllü olaraq Azərbaycana qayıtması statistikasında artış qeydə alınıb. Ən çox könüllü qayıdış 2018-ci ildə qeydə alınıb. Belə ki, həmin il 685 Azərbaycan vətəndaşı Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) REAG\GARp proqramının dəstəklədiyi “StarthilfePlus”layihəsi ilə geri qayıdıb.
Almaniyadan 2019-cu ildə Azərbaycana könüllü qayıdanların sayı isə 460 nəfər olaraq qeydə alınıb.
Report