Satınalmada iştirak edən təchizatçıların sayı üçdən az olduqda, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmadıqda, bütün təchizatçıların təqdim etdiyi təkliflərin qiyməti ehtimal olunan qiymətdən yüksək olduqda və digər hallarda satınalma ləğv edilir. Ləğv qərarını satınalma komissiyası verir.
FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" qanun layihəsində öz əksini tapıb.
Satınalmanın ləğv edilməsi haqqında qərar bir iş günü ərzində nəzarət orqanına təqdim olunur. Nəzarət orqanı satınalmanın ləğv edilməsi haqqında qərarı aldıqdan sonra beş iş günü ərzində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərar qəbul edir. Nəzarət orqanı bu müddət ərzində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, qərar təsdiq edilmiş hesab olunur.