Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi (VÖEN: 2000345011) xidməti avtomobillərin alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi «İdeal Motors» MMC (VÖEN: 1305797061) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 453 min 120 manat təşkil edir. Müqaviləyə görə, qurum şirkətdən 10 yeni sedan tipli avtomobil alır. Avtomobilin bir ədədinin orta qiyməti 45 min 312 manat təşkil edir.
Qeyd edək ki, «İdeal Motors» MMC 2018-ci ildə yaradılıb. Qanuni təmsilçisi Abbasov Zaur Vidadi oğlu olan şirkətin nizamnamə kapitalı 100 manatdır. Şirkət Bakı şəhər, Yasamal rayonu, Həsən bəy Zərdabi pr, ev.88D hüquqi ünvanında yerləşir.
Məlumat üçün bildirək ki, «İdeal Motors» MMC əsasən «JAC» və «BAIC» markalı avtomobillərin Azərbaycandakı rəsmi distribyutoru və satıcısı kimi fəaliyyət göstərir. Şirkət həmçinin «Chevrolet» markalı avtomobillərin də satışını və rəsmi servis xidmətini həyata keçirir.















