“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) 6 müxtəlif şirkətlə ümumi dəyəri 148 milyon 167 min 959 manat olan 9 satınalma müqaviləsi imzalayıb.
“Azərenerji” video-roliklərə və reklama - 113 MİN MANAT XƏRCLƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qurum “Red N Line” MMC ilə müxtəlif ölçülərdə bannerlərin, şəkillərin, söz və şüarların, enerjisistemə aid xəritələrin çapı, güşələrin yığılması, albom və video-roliklərin hazırlanması xidmətlərinin satınalınması ilə bağlı 112 min 985 manatlıq satınalma müqaviləsi imzalayıb.
Bundan başqa, “İensol” MMC ilə dəyəri 4 milyon 764 min 698 manat olan elektrik verilişi xətlərində online diaqnostika üçün avadanlıqların satınalınması ilə bağlı və dəyəri 4 milyon 971 min 859 manat olan qaçan dalğa metodu ilə elektrik verilişi xətlərdə qısaqapanma yerinin təyini qurğusunun satınalınması ilə bağlı müqavilələr imzalanıb.
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti ilə “Azconstruction” QSC arasında yeni tikilən YS-ya üçün avadanlıqların satın alınması ilə bağlı 59 milyon 996 min 735 manatlıq və mövcud 220/10/10 kV-luq Qəbələ YS-nı 220/110/10 kV-luq YS-ya keçirməklə yenidən qurulması işlərinin satın alınması ilə bağlı 21 milyon 280 min 661 manatlıq satınalma müqaviləsi imzalanıb.
"Nəvahi" və "Şəfəq" YS-larının tikintisi üzrə əlavə işlərin satın alınması və Eyvazlı KSES üçün boru xəttinin tikintisi işlərinin satın alınması “Electro İndustries” QSC-yə həvalə olunub. Dövlət qurumu ilə şirkət arasında imzalanmış müqavilələrin dəyəri müvafiq olaraq 11 milyon 592 min 909 manat və 2 milyon 650 min 752 manat təşkil edib.
Çardaqlı-1 və Çardaqlı-2 KSES-lərin tikintisi işlərinin satın alınması işləri “BCC Group” QSC-yə tapşırılıb və tərəflər arasında 40 milyon 831 min 331 manatlıq müqavilə imzalanıb.
Yekun olaraq, kibertəhlükəsizlik səviyyəsinin artırılması, mərkəzləşdirilmiş təhlükəsizlik monitorinqi və nəzarət imkanlarının qurulması məqsədilə avadanlıq və həllərin satın alınması ilə bağlı “Prosol” QSC ilə imzalanmış müqavilənin dəyəri 1 milyon 966 min 29 manat təşkil edib.













