İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27 milyard 580,7 milyon manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 0,4 faiz artmışdır.
Eləcə də bax: Ölkədəki məşğulluq və işsizlik səviyyəsi - Məlum Olub
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 2 min 755,4 manatlıq gəlir düşmüşdür. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24 milyard 780 milyon manatlıq vəsait qalmışdır.
ƏMƏK HAQQI AZALIB
2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalaraq 724 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3 min 215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat olmuşdur.
İNFLYASİYA GƏLİRLƏRİN ARTMASINI ÜSTƏLƏYİB
2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 3,5 faiz artıb. (Marja)