Paytaxtın köhnə binalarının (sovet hakimiyyəti dövründə inşa olunan) lift dərdi bitmir. Ona görə Bakını önə çəkdik ki, hündürmərtəbəli evlərin 90 faizi burada yerləşir. Eləcə də, liftlərin təmiri, yenidənqurulması üçün hər il müvafiq quruma ayrılan büdcə vəsaitində də Bakının payı böyükdür.
Bəs dəyişən nədir?
Son illər rayon icra hakimiyyətləri tərəfindən binaların fasadları yenilənsə də, məhəllələrarası yollar yenidən qurulub, parklar salınsa da, liftlərin təmiri bu yenidənqurma prosesindən kənarda qalıb.
Əksər binalarda liftlər fəaliyyətsizdir. Liftlərin sakinlərin anbar kimi istifadəsindən “xilas” edilməsinə baxmayaraq, bəziləri işləmir, bir qismi müəyyən mərtəbələrə qədər xidmət göstərir, bir sözlə, texniki vəziyyətləri qənaətbəxş deyil.
Onu da nəzərə çatdıraq ki, Bakıda lift xidməti 1970-ci illərin sonlarında -1980-ci illərin əvvəllərində tikilən doqquz mərtəbəli binalarla genişlənib.
Yəni buna qədər şəhərin lift təsərrüfatında cəmi 120 ədəd lift istismar edilirdi. Ən əsası, həmin dövrdə liftlərin yararlılıq müddəti 25 il müəyyən olunmuşdu. 40 ildən çox vaxt keçib, liftlər hələ də istismardadır, texniki baxımdan işləməsələr belə.
Liftlərə nəzarət edənlərə ayrılan milyonlar
Bakıdakı liftlərə Bakı İcra Hakimiyyətinin nəzdində “Lift-Təmir” İB ilə yanaşı, Mənzil İstismar İdarələri və Fövqəladə Hallar Nazirliyinin xüsusi agentliyi nəzarət edir. Hər il bu qurumlara dövlət büdcəsindən liftlərin təmiri, dəyişdirilməsi üçün kifayət qədər vəsait nəzərdə tutulur.
Bundan əlavə, müxtəlif illərdə ölkə başçısının sərəncamı ilə prezidentin ehtiyat fondundan Bakı, Gəncə və Sumqayıtda liftlərin yenilənməsi üçün 20 milyon manatdan çox vəsait ayrılıb.
Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyinə əsasən, Bakı şəhərində mənzil təsərrüfatı üzrə yerli xərclərdə mənzil fondunun zərərinin bağlanmasına ayrılmış 9525,6 min manat vəsaitin 2119,4 min manatı və ya 22,2%-i mənzil fondu evlərindəki liftlərə texniki xidmətə və 49,4 min manatı və ya 2,2%-i Bakı Funikulyorunun saxlanmasına görə “Lifttəmir” İstehsalat Birliyinə (İB), 1600,0 min manatı və ya 16,9%-i qeyd olunan təşkilatların təsərrüfatda işlədilməsi üçün mal-materialların alınmasına köçürülüb.
Palatanın 2016-cı ilin büdcəsinin icrasına dair rəyindən də görünür ki, liftlərin texniki xidmətinə az vəsait xərclənməyib.
Hesabat ilində Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (MKTD) ayrılmış 7880,2 min manat vəsaitin 2063,0 min manatı və ya 26,2%-i Bakı şəhəri üzrə mənzil fondu evlərindəki liftlərə texniki xidmətə və 172,0 min manatı və ya 2,2%-i Bakı Funikulyorunun saxlanmasına görə “Lift-təmir” İB-nə, 1395,1 min manatı və ya 17,7%-i qeyd olunan təşkilatların təsərrüfatda işlədilməsi üçün mal-materialların alınmasına köçürülüb.
Göründüyü kimi, dövlət çoxmənzilli binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün az vəsait xərcləmir.
Məlumat üçün bildirək ki, 2017-ci ilin statistikasına əsasən, paytaxtda liftlərin sayı 5552 vahid təşkil edib.
Bakı şəhəri üzrə mənzil fondu 116866,6 min kvadrat metr olub. Onun da 6192,3 min kvadratmetri dövlət mülkiyyətindədir. Mənzil fondunun 26190,0 min kvadratmetri Bakının payına düşüb.
“Lift-Təmir” İstehsalat Birliyi suallardan qaçır
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Lift-Təmir” İstehsalat Birliyinin (İB) məsələyə münasibətini öyrənməyə çalışdıq.
Lakin qurum rəhbərliyi, həmişə olduğu kimi, susmağa üstünlük verdi.
İB-nin özünün yaydığı məlumatlara inansaq, onlar köhnə liftləri ilbəil siyahıya alaraq dəyişdirdiklərini irəli sürürlər.
Bildirilir ki, İB-nin əsas məqsədi liftlərin texniki təhlükəsizlik qaydalarına cavab verməsidir. Əgər vermirsə, lift dayandırılır və yenisi ilə əvəzlənir.
Yeni liftlər ABŞ-ın məşhur “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınır.
O da qeyd olunur ki, 2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı təşkilatlarının balansında olan yaşayış binalarında 4130 ədəd lift mövcud idi.
Bunlardan 3254 ədədi işlək vəziyyətdə olub, 876 ədədi isə uzun illər istismar olunmayıb. Mövcud şəraitdə dövlət yaşayış fonduna aid binalarda quraşdırılmış liftlərin texniki istismar vəziyyətinin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq, dövlət mənzil fonduna aid binalarda istismar müddətini bitirmiş lift təsərrüfatının sağlamlaşdırılması üçün prezidentin şəxsi təşəbbüsü və göstərişi ilə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına 2012-2014-cü illərdə 1270 ədəd lift yenisi ilə əvəz edilib.
Və onlar Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən qeydiyyata alınaraq, istismarına icazə verilib.
1325 ədəd liftdə isə əsaslı təmir və bərpa işləri görülüb, bununla da yeni qəbul edilmiş mənzil fondu ilə birgə işləyən və texniki xidmət göstərilən 1246 binadakı liftlərin sayı 1 yanvar 2017-ci il tarıxinə 5291 ədədə çatdırılıb.
Bu rəqəmləri diqqətə alsaq, paytaxda texniki cəhətdən bərbad vəziyyətdə olan liftlərin sayı barmaqla sayılacaq qədər olmalıdır, nəinki indiki kimi kütləvi.
Yeni liftlər artıq işləmir
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Oxu.Az-a açıqlamasında bildirdi ki, Lift-Təmir İstehsalat Birliyi sadəcə liftlərin istismarına nəzarət edir. Liftlərin dəyişdirilməsi Fövqaladə Hallar Nazirliyi tərəfindən icra edilir:
“Vaxtilə nazirliyə bu istiqamətdə müəyyə qədər vəsait ayrılmışdı. Buna baxmayaraq, köhnə binalarda liftlərin çoxu dəyişdirilmədi, dəyişdirilənlər isə çox keyfiyyətsizləri ilə əvəz edildi. Yeni liftlər texniki və təhlükəsizlik baxımından yaxşı vəziyyətdə deyillər.
Ya mülkiyyətçilər yığışıb liftlərin texniki baxımından vəziyyətinin yaxşılaşıdırılması üçün maliyyə vəsaiti toplamalıdır. Ya da hökumət yardım etməlidir. Faktiki Lift-Təmir İstehsalat Birliyi bunun üçün vəsaitin olmadığını deyir”.
Mütəxəssis bildirir ki, 1972-ci ildə quraşdırılan liftlər daha keyfiyyətli idi, nəinki Fövqaladə Hallar Nazirliyinin dəyişdirdiyi liftlər.
S. Məmmədov bildirir ki, lift istismara yaramırsa, dəyişdilməli, nəzarətedici orqan gəlib yoxlamalı və istifadəsini dayandırmalıdır:
“Bakıda keyfiyyətsiz liftlərin sayı həddən çoxdur. Nazirliyin dəyişdirdiyi liftlərin bir çoxu artıq istismara yaramır”.
Onun fikrincə, liftlərin yenilənməsi üçün ayrılan vəsait də bütün binaları əhatə etmək üçün yetərli deyildi.
S.Məmmədov hesab edir ki, təkcə köhnə deyil, yeni binalarda da liftlərin vəziyyəti qeyri- qənaətbəxşdir:
“Tikinti şirkətləri binaları tikəndən sonra idarəçiliyi də əllərində saxlayır. Köhnə binalara isə Lift-Təmir İstehsalat Birliyi nəzarət edir. Amma onlar, sadəcə, pul toplamaqla məşğuldurlar.
Liftlərin təhlükəsizliyinə cavabdeh olan orqan Fövqəladə Hallar Nazirliyidir. Çünki yeni tikilən binaları qəbul edərkən, istismar edərkən onlara bu orqan nəzarət edir”.
Dövlət Mənzil Nəzarəti bərpa edilməlidir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev hesab edir ki, mənzil təsərrüfatında problemlərin aradan qaldırılması Dövlət Mənzil Nəzarəti bərpa edilməlidir:
“Bu halda binaların vəziyyətinə vahid qurum nəzarət edəcək. Dövlət Mənzil Nəzarəti fəaliyyət göstərdiyi dövrdə binalara nəzarət daha ciddi idi”.