Ət məxbəximizin, gündəlik qidamızın əvəzolunmaz nemətidir. “Ətin yerini heç nə vermir” ifadəsi də bu məntiqdən yaranıb.
21 məktəbli "Şah dönər"də hazırlanan dönərdən - ZƏHƏRLƏNİB - RƏSMİ
Bəs, görəsən, həyatımıza bu qədər geniş daxil olmuş ət hansı dəyərdə, keyfiyyətdədir? Axı, ət ləzzətli olduğu qədər də, zay və keyfiyyətsizliyi ilə, qorxulu və dəhşətlidir.
Bakı məktəblilərinin dönərdən zəhərlənməsi hamımızda həyəcan doğuran arzuolunmaz hadisə barədə məlumat vermişdik. Bu yazını hazırlamağımıza da həmin dönər zəhərlənməsi səbəb oldu.
Ölkə ərazisində ətin qiymətinin getdikcə bahalaşdığı – bazarlarda mal ətinin kiloqramının 14–15 manata, qoyun ətinin isə 17–20 manata satıldığı halda, bəzi yerlərdə, məsələn, “8-ci kilometr bazarı”nda, bəzi kəsim məntəqələrində bu məhsulun 1 kiloqramı alıcıya 8–9 manata təklif edilir. Belə əti isə, əsasən, əhalinin kasıb təbəqəsi alır. Şübhəsiz ki, mənbəyi bəlli olmayan bu məhsuldan evlərdə, iaşə müəssisələrində, dönərxanalarda, bir sıra hallarda, hətta şadlıq evlərində istifadə olunur. Görünür, kiloqramı 8 – 9 manata olan sosiska və kolbasalar da belə – xalqın “leş” adlandırdığı ətdən hazırlanır. Bu cür keyfiyyətsiz ətlərdən qidaların hazırlanması, nəticədə, bir çox zəhərlənmələrə səbəb olur.
Bu məqamda belə bir sual ortaya çıxır: bu ətlər haradan gətirilir, qiyməti niyə belə ucuz olur, ictimai iaşə müəssisələrində istifadəsinə kim nəzarət edir? Sualın cavabı aydındır, nəzarət kağız üzərindədir, əməldə isə məsuliyyətsizlik, laqeydlik aydın nəzərə çarpır. Çünki oktyabrın 24-də baş verən hadisə – 16 şagirdin dönərdən zəhərlənməsi ciddi narahatlıq doğuran məsələ barədə aydın təsəvvür yaradır. Belə ki, hadisəyə səbəb olması heç bir şübhə doğurmayan dönərxanada istifadə edilən ətin alındığı mənbənin, eləcə də bu iaşə obyektinin fəaliyyətinin nəzarətdən kənar qalması məlum hadisənin yaranmasını şərtləndirir. Şübhəsiz ki, bu məsələdə ən böyük günahkar Qida Təhlükəsizliyi Agentliyi (AQTA), onun tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutudur. Çünki belə bir xoşagəlməz vəziyyət, ilk növbədə, həmin qurumların öz fəaliyyətlərində qanunun tələblərinə laqeyd yanaşılmasının nəticəsidir.
Ekspertlərin fikrincə, təkcə “Şah dönər” adlanan ictimai iaşə obyektinin deyil, digər dönərxanaların da nəzarətdən kənar qalması üzündən həmin müəssisələr hər zaman real təhlükə mənbəyi kimi tanınır. Belə olan halda tam əminliklə qeyd edə bilərik ki, AQTA vəzifəsini–qida məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarətini istənilən səviyyədə həyata keçirmir.
Onu da deyək ki, bəzi hallarda AQTA, hətta təqsiri özündən çox istehlakçıda görür, vətəndaşları qida məhsulu alarkən ticarət müəssisəsindən ət məhsulu ilə bağlı satıcıdan baytarlıq arayışı, şəhadətnamə, ekspertiza aktı tələb etməməkdə, ən azı, vizual olaraq, ətin cəmdəyi üzərinə vurulan möhürə baxmamaqda günahlandırır. Əslində, bu iddianın heç bir əsası yoxdur. Çünki sirr deyil ki, məhsulun baytar həkimin müayinəsindən keçməsi həmin ətin, necə deyərlər, keyfiyyətinə dəlalət etmir. Axı, baytar həkimin yoxlama prosesində hansı şərtlərə üstünlük verdiyi heç kəsə sirr deyil.
Ekspertlərin sözlərinə görə, son illər cəmiyyətdə ağır bir bəlaya çevrilən 15 mindən çox dönərxanada Qida Təhlükəsizliyi Agentliyi ictimai şuranın üzvləri ilə birlikdə monitorinq aparmır, ölkədə nümunəvi dönərxanaların yaradılması istiqamətində tədbirlər həyata keçirmir. Əhali arasında məhz belə dönərxanaların xidmətindən istifadə edilməsinin zəruriliyi ilə bağlı təbliğata maraq göstərmir.
2006-cı ildə ölkədə quş qripi tüğyan edən zaman toyuq ətindən hazırlanan dönərin satışı qadağan edildi. Həmin qadağa hələ də qüvvədədir. Bununla belə, hazırda, demək olar ki, bütün dönərxanalarda toyuq ətindən hazırlanmış dönərlərin satılması halları müşahidə olunur. Yeri gəlmişkən, toyuq dönərinin satışı, həm də ona görə qadağan edilmişdi ki, toyuq əti tez xarab olan, risk qrupuna aid bir məhsuldur. Bundan isə çox ciddi zəhərlənmələr baş verə bilər.
Ekspertlərin məlumatlarından bir məqam da diqqət çəkdi. Belə ki, illər öncə Azərbaycanda iki müəssisəyə həm toyuq, həm də mal ətindən lazımi standartlara uyğun dönər hazırlayaraq məhsulu şişlərə taxmaqla xüsusi avtomobillərdə dönərxanalara çatdırılmasına icazə verilmişdi. Lakin həmin müəssisələrdə çox bahalı, şok dondurucu aparatlar var. Bu cihazlarda dönər əti şişə taxıldıqdan sonra mənfi 40 dərəcə temperaturda dondurulur. Bununla da, ətin tərkibində ehtimal olunan heyvan xəstəlikləri və digər təhlükəli bakteriyaların hamısı məhv olur. Ondan sonra məhsul skoça bükülmüş xüsusi karton qablarda qablaşdırılmış şəkildə soyuducularda saxlanılmaqla avtomobillər vasitəsilə dönərxanalara çatdırılır. Təəssüf ki, aparılan araşdırmalar göstərir ki, say etibarilə dönərxanaların heç sıfır tam onda beş faizi həmin müəssisələrdən dönər almır.
Dönərxanalar ən yaxşı halda sertifikat alaraq divardan asırlar. Bununla əhali arasında, guya, həmin müəssisələrdən dönər almaları ilə bağlı fikir formalaşdırmağa çalışırlar. Belə olan təqdirdə heç kəs sübut edə bilməz ki, bu cür məkanlarda bişən dönərin həmin kağızla nə dərəcədə aidiyyəti var.
Uzun illərdir ki, ölkənin, demək olar ki, bütün bölgələrində ölmüş heyvan, at və eşşək ətlərinin paytaxta daşınması halları müşahidə olunur. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu cür hallarla mübarizə sahəsində təsirli tədbirlər görülmür. Ekspertlərin fikrincə, bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İarəsi görür. Belə ki, qurumun əməkdaşları tərəfindən ekspertizalar aparılır, həbslər həyata keçirilir. Lakin təəssüf ki, bu işə son qoyulmur. Çünki tələb var. Bəs bu tələb haradan qaynaqlanır? Təbii ki, həmin tələbi dönərxanalar formalaşdırır. Hazırda dönərxanalar insan orqanizmi üçün son dərəcə təhlükəli olan bu cür ətlərin satışının reallaşdırılması üçün, belə demək mümkünsə, ən ideal məkanlardır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov:
"Dönər ətinin insanı zəhərləmək xüsusiyyətlərindən biri odur ki, məhsul bişirilən zaman onun çölü qızardılır, lakin içərisinə isə şiş boyu yenicə istilik keçir. Bu zaman oradan ətdən olan plazma, yəni, su ilə qanın qarışığı olan maye axaraq aşağıdakı sininin içərisinə dolur. Belə olan halda bütün heyvan xəstəlikləri, heyvana aid nə qədər antibiotik, dərman qalıqları varsa, hamısı sininin içinə tökülür. Dönərçilər də ətin qızarmış çöl hissəsini həmin plazma ilə qarışdıraraq alıcılara satırlar.
Məlum olduğu kimi, keyfiyyətsiz ətdən hazırlanmış dönərə ətin dadını itirən ketçuplar və sair əlavələr qarışdırılır. İstehlakçılar isə bunun mənfi təzahüründən xəbərsiz olduğundan dönəri alıb iştahla yeyirlər. Bu da xüsusilə azyaşlı uşaqların və gənclərin həyatını təhlükə altına atır. Əslində, dönərxanalar insanların tədrici zəhərlənmə mənbəyidir.
Qeyd etmək istəyirəm ki, dönər bir çox ölkələrdə istehsal olunur. Mən özüm Mərkəzi Avropa ölkələrində, o cümlədən İsveçrədə dönər yemişəm. Həmin ölkələrdə dönər oturaq yeməklər sırasına aiddir. Dönəri qabın içində səliqəli şəkildə sifarişçiyə təqdim edirlər. Bu zaman müştəri onun içərisinə nələrin doldurulduğunu görür. Çox təəssüf ki, Azərbaycandakı dönərxanalar elə bir şəraitdə fəaliyyət göstərirlər ki, istehlakçılar məhsulun tərkibindən və onun hazırlanma qaydasından tam xəbərsiz olurlar. Baxmayaraq ki, ölkəmizdə dönərxanalar üçün standartlar mövcuddur. Belə ki, illər öncə keçmiş Dövlət Standartlaşdırma və Metrologiya Komitəsi tərəfindən dönərxanalar üçün standartlar, gigiyenik tələblər müəyyənləşdirilib. Gəlin baxaq, görək həmin gigiyenik tələblərə əməl olunurmu? Dönərxanalarda çalışanlar tibbi müayinədən keçirilirmi? Orada olan məhsulların saxlanması üçün soyuq bir mühit varmı? Əfsuslar olsun ki, bu sualların heç birinin müsbət cavabı yoxdur.
Ən başlıcası, burada mühüm məsələ ətlərlə bağlıdır. Ətlərin mənbəyi isə daim şübhə altındadır. Bu sahədə ən təhlükəli hallardan biri də günün axırına qalan dönərlərdir. Yəni, həmin məhsul ertəsi günə saxlandıqda o, artıq çirklənir. Həmin məhsulda isə bakteriyalar kifayət qədər inkişaf edir. Ona görə bu sahədə lazımi monitorinqlər aparılmalıdır. Bununla yanaşı, dönərçilər də işlərini elə qurmalıdırlar ki, sabaha məhsul qalmasın. Yalnız mənfi 40 dərəcədə soyudulmuş dönəri bakteriyaların inkişafından qorumaq olar.
Bir məsələni də qeyd edim ki, toyuq dönərləri təzə toyuq budundan hazırlanmalıdır. Ümumiyyətlə, toyuq əti belədir ki, o bir dəfə soyudulub açılmalı və istifadə olunmalıdır. Yəni, təkrar dondurulmuş toyuq əti artıq çirklənmiş məhsul sayılır. Bəzi müəssisələr var ki, təzə toyuq alır, mənfi 40 dərəcə temperaturda donduraraq dönərə çevirir və dönərxanalara göndərir.
Fürsətdən istifadə edib bir məqamı da vurğulamaq istəyirəm. Vətəndaşlar tez-tez Azad İstehlakçılar Birliyinə zəng edib soruşurlar ki, necə olur ki, ayranla birlikdə 1 manat 40 qəpiyə dönər satılır. Normalda isə dönərin qiyməti 2–2,5 manat olmalıdır. Eyni zamanda, istehlakçının aldığı məhsul insan orqanizmi üçün tam təhlükəsiz olmalıdır.
Təəssüf ki, ölkədə dönər satışında hegemonluq edən böyük bir şəbəkə qiyməti aşağı endirməklə heç nəyə məhəl qoymadan bu işləri görür. Bu da istehlakçıların həyatını təhlükə qarşısında qoyur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu işə birbaşa cavabdehdir. Amma qurum bu sahədə rasional olaraq heç bir iş görmür. Əksər vaxtlarda bəzi neqativ hallarla bağlı məlumatlar kütləvi informasiya vasitələri tərəfindən ictimaiyyətə çatdırılır. Amma mövcud sahədə vəziyyətə aydınlıq gətirilmir, məsələ tam nəzarətsiz saxlanılır. Bu da ona dəlalət edir ki, ölkədə istehlakçı hüquqları lazımi səviyyədə qorunmur.
Azərbaycanda dövlət biznes qurumları üçün toxunulmaz bir şərait yaradıb. Buna bənzər şəraitə heç bir dünya ölkəsində təsadüf olunmur. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, ölkəmizdə əksər biznes qurumları tərəfindən bundan sui-istifadə hallarına yol verilir. İstehlakçılar dönər alan zaman mütləq ətin mənşəyi ilə bağlı sənəd tələb etmək, satıcılardan tibbi müayinədən keçib-keçmədiklərini soruşmaq hüququna malikdirlər. Yaxşı olardı ki, onlar bu kimi amillərə fikir versinlər. Düşünürəm ki, bu sahədə köklü dəyişikliklər etmək lazımdır. Dönərin bişirildiyi məkanlarda ciddi monitorinqlər aparılmalıdır. Ətin mənşəyi, onun haradan gətirilməsi və hansı şəraitdə saxlanılması ilə bağlı məlumatlar əldə olunmalıdır. Bütün bunlar cox ciddi amillərdir.
Məlum olduğu kimi, paytaxt məktəblərinin birində şagirdlərin dönərdən zəhərlənmə hadisəsi baş verib. Bu məsələ bütün cəmiyyət kimi Azad İstehlakçılar Birliyini də ciddi narahat edir. Düşünürəm ki, əgər zəhərlənmələr dönərdən baş verirsə, insanlara müəyyən kompensasiyaların verilməsi məsələsi də gündəmdə olmalıdır.
Onu da deyim ki, uzun illərdir ölkəmizdə təkcə dönərdən deyil, digər məhsullardan da zəhərlənmələrin dəqiq statistikası aparılmır, bu kimi xoşagəlməz hadisələr düzgün qeydiyyata alınmır. Fikrimcə, bu sahədə konkret dövlət siyasəti mövcud olmalıdır. Xatırladım ki, respublikamızda qida zəhərlənmələri dünya statistikasından 700 dəfə az göstərilir. Bu statistikanın gizlədilməsi kimə və nəyə xidmət edir? Bu, anormal bir haldır. Azad İstehlakçılar Birliyi bu kimi hallarla qətiyyən razı deyil. Qurum vətəndaşları bu sahədə ictimai nəzarəti həyata keçirməyə dəvət edir.
Vurğuladığım kimi, standartlara uyğun hazırlanmış dönərlər xüsusi avtomobillərdə gətirilməlidir. Skoça bükülmüş halda karton qablarda qablaşdırılmalı və şişə taxılmaqla dönərxanalara gətirilərək oradakı aparata quraşdlrılmalıdlr. Yalnız bu şəkildə hazırlanmış və mənfi 40 dərəcədə dondurulmuş dönərlər tam təhlükəsizdir. Lakin dönərçilər hardan və necə gəldi ət alıb məhsul hazırlayırlar ki, bu da bəzən kütləvi zəhərlənmələrə gətirib çıxarır. Bu, həm də əhalinin uzunömürlüyünə mənfi təsir edir. Təsadüfi deyil ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının uzunömürlülər siyahısında 190 ölkə arasında 116-cı yerdə qərarlaşıb. Hətta bu məsələdə bəzi 3-cü dünya ölkələrindən də geridəyik. Bu kimi hallar bizim sağlamlığımıza mənfi təsir göstərməklə ömrümüzü də qısaldır. Bu məsələyə birfəfəlik son qoyulmalıdır. Fürsətdən istifadə edərək Qida Təhlükəsizliyi Agentliyinə səslənirəm ki, kütləvi informasiya vasitələri və ictimai təşkilatlarla əlbir çalışaraq bu kimi neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görsün". (Xalq Qəzeti)