Sovet imperiyasının süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsində strateji əhəmiyyətli aktor kimi sürətlə ön plana çıxdı. Enerji resursları baxımından zəngin, islahatlara açıq və yeni inkişaf layihələrinə hazır olan ölkə həm də Şərqlə Qərb arasında təbii körpü rolunu oynayan unikal geosiyasi mövqeyi ilə regionda aparıcı mövqe qazandı.
Bu reallığı düzgün qiymətləndirən Qərb dövlətləri, xüsusilə də ABŞ müstəqil Azərbaycanın ilk illərindən etibarən Bakı ilə praqmatik enerji və təhlükəsizlik tərəfdaşlığına əsaslanan diplomatik əlaqələrin təməlini qoydu. Neft və qaz layihələrinin reallaşması, Xəzər hövzəsinin dünya bazarına çıxışı və enerji marşrutlarının diversifikasiyası istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin strateji xarakterini möhkəmləndirdi.
Son otuz il ərzində tərəflər arasında enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq terrorizmə qarşı mübarizə kimi prioritet sahələrdə qurulan əməkdaşlıq ümumi siyasi gündəliyin əsasını təşkil etdi. Zaman-zaman müxtəlif geosiyasi gərginliklər və qlobal güclərin maraqlar toqquşması fonunda müəyyən fasilələr yaşansa da, ABŞ–Azərbaycan münasibətləri ümumən inkişaf xəttini qoruyub saxladı.
Nəticə etibarilə, qarşılıqlı faydaya əsaslanan bu tərəfdaşlıq həm regionun geosiyasi arxitekturasına, həm də qlobal enerji və təhlükəsizlik balansına mühüm töhfələr verdi. ABŞ ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, milli maraqlarının müdafiəsinə və strateji layihələrin reallaşmasına real siyasi dəstək təmin etdi.
Təməllər və inkişaf edən əməkdaşlıq
Vaşinqtonun strateji dəstəyi ilə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi layihələri yalnız Azərbaycan üçün iqtisadi inkişaf imkanı yaratmaqla kifayətlənmədi, eyni zamanda, Avropanın enerji təchizatında Rusiyadan asılılığın azaldılması istiqamətində dönüş nöqtəsi oldu. Bu layihələr Azərbaycanı qlobal enerji xəritəsində etibarlı tərəfdaş və enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirdi.
Enerji əməkdaşlığından başqa, Bakı–Vaşinqton münasibətləri beynəlxalq təhlükəsizlik və antiterror gündəliyində də mühüm nəticələr verdi. 11 sentyabr 2001-ci il terror hücumlarından sonra Azərbaycan Əfqanıstandakı Qərb qüvvələrinin təminatında həyati əhəmiyyət kəsb edən fasiləsiz fəaliyyəti təmin etməklə NATO əməliyyatlarına strateji töhfə verdi. Bu addım Azərbaycanın alyans üçün geosiyasi əhəmiyyətini daha da artırdı.
Azərbaycan sülhməramlı qüvvələri NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyası çərçivəsində və İraqda icra etdikləri qeyri-döyüş tapşırıqları ilə beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə mühüm dəstək göstərdilər. Xüsusilə, ABŞ qüvvələrinin təxliyəsi zamanı strateji əhəmiyyətli Kabil hava limanının mühafizəsinin məhz Azərbaycan hərbçilərinə etibar olunması, Vaşinqtonun Bakıya göstərdiyi yüksək etimadın bariz göstəricisi oldu.
Hərçənd ki, müəyyən mərhələlərdə tərəflər arasında münasibətlərdə soyuqluq müşahidə edilib, həm Bakı, həm də Vaşinqton strateji əməkdaşlığın davamlılığını qorumaq üçün diplomatik və siyasi iradə nümayiş etdirərək qarşılıqlı etimadın bərpasına nail olublar. Bu, iki ölkə arasında əməkdaşlığın təsadüfi deyil, uzunmüddətli və qarşılıqlı maraqlara əsaslanan siyasi xətt olduğunu təsdiqləyir.
Siyasi əngəl və etimad böhranı: 907-ci düzəliş
Ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsinə kölgə salan əsas amillərdən biri 1992-ci ildə Konqres tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən 907-ci düzəlişdir. İşğal dövründə erməni lobbisinin təşəbbüsü ilə ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən bu düzəlişin qəbul edilməsi Azərbaycanda həm xalq, həm də dövlət səviyyəsində qərəzli münasibətin təzahürü kimi qəbul edilib və bu addım ABŞ-a olan etimadı sarsıdıb. Bu düzəliş nəticəsində Azərbaycan iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet ölkəsi olub. Qeyd etmək yerinə düşər ki, bu düzəlişin qəbul edilməsi zamanı həmin dövrdə vitse-prezident olan Cozef Bayden fəal rol oynayıb və sonralar da onun ləğv edilməsinə qarşı müqavimət göstərib.
Bununla belə, 11 sentyabr hadisələrindən sonra Konqres rəsmi Bakının beynəlxalq terrorçuluğa qarşı mübarizədə dəstəyi qarşılığında prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib və həmin tarixdən ABŞ prezidentləri mütəmadi olaraq müvafiq qərarı qəbul edirlər.
Enerjidən süni intellektə: Bakı–Vaşinqton strateji əməkdaşlığı genişlənir
Son günlərdə isə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başladığının şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ və Azərbaycan arasındakı əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksələrək, strateji tərəfdaşlığa çevrildi. Bunun göstəricisi isə Əliyev və Trampın imzaladığı Anlaşma Memorandu oldu. Strateji tərəfdaşlıq sənədi enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə yaradılan Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, süni intellektin inkişafı kimi məsələlərlə məşğul olacaq.
Azərbaycan Prezidenti ABŞ səfərinin yekunu olaraq yerli mediaya verdiyi müsahibədə artıq Azərbaycan tərəfdən işçi qrupunun tərkibinin müəyyənləşdiyini də qeyd edib.
Əsas gözləntilərdən biri də 907-ci düzəlişin dayandırılması idi. ABŞ görüşləri nəticəsində bu ədalətsiz düzəlişin dayandırılması da baş verdi.
Münasibətlərin inkişafına kölgə salan və yeni reallıqlarla, eləcə də Vaşinqtonun Cənubi Qafqaz siyasətinə uyğun gəlməyən bu arxaik qərarın dayandırılması Bakı ilə münasibətləri gücləndirməklə yanaşı, həm də xalqlararası etimadın dərinləşdirilməsinə töhfə verəcək.
Cənubi Qafqaz şahmat taxtası: Ermənistan, sülh və kəsişən yollar
Bu gün regionda baş verən bütün müsbət dəyişikliklər ilk növbədə məhz Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədardır. 30 illik münaqişəyə birdəfəlik son verilməsi və separatizm ümidlərinin yoxa çıxarılması sayəsində regionda əməkdaşlıq üçün real imkanlar ortaya çıxıb. Bu potensial isə bölgə dövlətləri və xalqları ilə yanaşı, Avropa, ABŞ üçün vacib əhəmiyyət daşıyır. Şərqlə Qərb arasındakı nəfəsliyə çevrilən Cənubi Qafqazın dünyanın tranzit habına çevrilmək fürsətindən yararlanması məhz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə mümkün ola bilər.
Bu baxımdan ABŞ proseslərin sürətləndirilməsi üçün təşəbbüsü ələ alıb və normallaşma istiqamətində konkret addımların atılmasını təşviq edir. Hələlik Sülh Sazişinin imzalanmasa da, Prezident Trampın Sülh Sammiti adlandırdığı üçtərəfli görüşdə bunu ifadə edən iradə ortaya qoyuldu. Sülh Sazişinin mətninin paraflanması və Birgə Bəyannamədəki müddəalar əbədi sülh üçün inam yaradır.
Sülhün şərtləri və regional nəqliyyatın açarı – Zəngəzur dəhlizi
Rəsmi Bakı sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını, Minsk Qrupunun ləğv edilməsini tələb edir.
Vaşinqtonda imzalanam Birgə Bəyannamədə liderlər ATƏT Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdiklərini təsdiqləyiblər.
Vaşinqtonda, həmçinin, Zəngəzur dəhlizi üzrə ABŞ ilə Ermənistan arasında 99 illik əməkdaşlıq müqaviləsi imzalandı. Bu isə o deməkdir ki, Zəngəzur Dəhlizi reallaşır. Yəni, Azərbaycanın sülh sazişi üçün olan ikinci şərti- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolu ilə maneəsiz gediş-gəliş reallaşır.
Bu dəhlizin reallaşmasının qarşısında iki əsas mərkəz - Tehran və Moskva dayanırdı. Moskva artıq regiona təsir rıçaqlarını əhəmiyyətli dərəcədə itirib və indi təşəbbüsü ABŞ ələ alıb.
İsraillə sonuncu münaqişədən sonra önəmli prestij itirən Tehran isə məsələyə təsir edə bilməyəcəyini anlayıb və artıq müəyyən mesajlarla layihəyə qarşı olmadığının siqnallarını ötürür.
Hazırda sazişin imzalanması üçün qalan üçüncü şərt-Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi məsələsi də Birgə Bəyannamədə niyyət olaraq təsdiqlənib.
Beləliklə, Azərbaycan Prezidentinin ABŞ etdiyi işğüzar səfər Azərbaycanın dünyanın bir nömrəli paytaxtı ilə strateji tərəfdaşlıq münasibətlərini yaratdı.
Eyni zamanda, regiona davamlı və əbədi sülhün gəlməsi üçün tarixi şans yaratdı (Apa).