Ölkə daxilində törədilən rəqəmsal fırıldaqçılıq halları say etibarilə nisbətən aşağı olsa da, maliyyə itkiləri baxımından daha böyük təhlükə yaradır.
Bu ilin sonunadək maliyyə sektorunda dələduzluğa qarşı - Yeni qaydalar tətbiq olunacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və məhsulların inkişafı departamentinin baş mütəxəssisi Elvin Cuvarov "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il ərzində ölkədaxili fırıldaqçılıq hadisələrinin sayı və itkilərin həcmi paralel olaraq yüksələn xətt üzrə inkişaf edib və ilin son rübündə özünün pik nöqtəsinə çatıb:
"Bu tendensiyanın növbəti ilin ilk rübündə də davam etdiyi və fırıldaqçılıq sayının artmaqda qaldığı müşahidə olunur".
Mütəxəssis bildirib ki, ölkəxarici fırıldaqçılıq kütləvi xarakter daşıyır, lakin məbləğlər daha kiçikdir:
"Ölkə xaricində baş verən kiberfırıldaqçılıq halları isə tamamilə fərqli bir mənzərə nümayiş etdirir. Qrafiklərə əsasən, xarici platformalarda və saytlarda törədilən fırıldaqçılıq hadisələrinin sayı ölkədaxili hallarla müqayisədə bir neçə dəfə çoxdur və xüsusilə ötən ilin üçüncü rübündə kəskin sıçrayış edib. Lakin bu hadisələrin sayca kütləvi olmasına baxmayaraq, törədilən maliyyə zərərinin ümumi həcmi kifayət qədər stabil qalıb və ilin sonuna doğru azalma meyili göstərib. Bu da fırıldaqçıların xaricdə daha çox kiçik məbləğli əməliyyatlara üstünlük verdiyinə işarə edir".













