ABŞ prezidenti Donald Tramp İrana zərbə endirəcəyini bildirib. Bu gün onları yenidən sərt şəkildə vuracağıq.
FED.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. "İranla razılaşmaya yaxın idik, amma onlar bizi izləməyə davam edirlər", - deyə o əlavə edib.
"Belə ki, biz onlara zərbə endirməyə hazırlaşırıq və zərbə çox güclü olacaq. Bəli, helikopteri nəzərə alsaq, düşünürəm ki, buna haqqımız var", - o, ABŞ-nin İrana hücumları bərpa edib-etməyəcəyi barədə sualı cavablandırarkən deyib.
"Dünən biz onlara sarsıdıcı zərbə endirdik, bu gün isə daha birini endirəcəyik", - Tramp vurğulayıb.
O, İranı bu həftənin əvvəlində Oman sahillərində "Apache" helikopterini vurmaq üçün pilotsuz uçuş aparatından istifadə etməkdə ittiham edib. ABŞ lideri bir daha Tehranı razılaşma imzalamağa çağırıb. "Bu, yaxşı sövdələşmədir", - o bildirib.
Xatırladaq ki, iyunun 9-da ABŞ-nin "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
İran tərəfi ABŞ-ın hədələrini cavabsız qoymayıb. "ABŞ ilə İsrail nə 12 günlük savaş, nə də 40 günlük müharibədə İrana qalib gələ bilib".
Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı, "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə "Tasnim"ə müsahibəsində deyib.
"Düşmənlərimiz 12 günlük müharibədən əvvəl çox gurultulu bəyanatlar verirdilər, lakin döyüş meydanındakı reallıq fərqli idi", - o bildirib və əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın sözləri ziddiyyətlidir.
S. Həsənzadə bunu döyüş meydanındakı hazırkı mənzərə ilə izah edib:
"Bu gün dünya Hörmüz boğazı üzərindəki nəzarətdə silahlı qüvvələrin gücü və İran xalqının iradəsini görür".
Xatırladaq ki, S. Həsənzadə mayın 28-də İran ordusunun bütün bölmələrinin ən yüksək hazırlıq səviyyəsində olduğunu və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazır oldğunu bəyan edib.













