Azərbaycanda ən bahalı kreditlərin verildiyi regionlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycanın regionlarında verilən kreditlərin faiz dərəcələri ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir. Ölkə üzrə kreditlərin orta faiz dərəcəsi 14,23% olduğu halda, bəzi regionlarda bu rəqəm 20%-i keçir.
Renkinqə Dağlıq Şirvan iqtisadi rayonu başçılıq edir. Bu regionda kreditlər üzrə orta faiz dərəcəsi 20,24% təşkil edir. Region üzrə kredit portfelinin həcmi isə 210 milyon 950 min manat olub.
İkinci yerdə Mərkəzi Aran iqtisadi rayonu qərarlaşıb. Burada əhali və sahibkarlar kreditləri orta hesabla 19,88% dərəcəsi ilə əldə ediblər. Regionun kredit portfeli 606 milyon 898 min manat təşkil edib.
Qarabağ iqtisadi rayonu 19,83% faiz dərəcəsi ilə üçüncü sırada yer alıb. Bu regionda kredit qoyuluşunun həcmi 526 milyon 43 min manat olub.
Dördüncü sırada Şirvan-Salyan iqtisadi rayonu dayanır – burada orta faiz dərəcəsi 19,79%, kredit portfeli isə 465 milyon 552 min manat təşkil edib.
Siyahının beşinci pilləsində Lənkəran-Astara iqtisadi rayonu (19,74%) qərarlaşıb. Bu bölgədə kredit qoyuluşunun həcmi 711 milyon 46 min manat olub.
Altıncı yerdə Qazax-Tovuz iqtisadi rayonu gəlir. Bu regionda orta faiz dərəcəsi 19,67%, kreditlərin ümumi məbləği isə 583 milyon 588 min manat təşkil edib.
Yeddinci sırada isə Mil-Muğan iqtisadi rayonu (19,47%) yer alıb. Burada kredit portfelinin həcmi 360 milyon 518 min manat olub.











