"Fintexlərin fəaliyyəti ilə bağlı Mərkəzi Bankın çox uğurlu bir qaydası mövcuddur. Həmin qaydalarda konkret olaraq qeyd edilib ki, ödəniş təşkilatları və elektron pul təşkilatları mütləq şəkildə fırıldaqçılıq əməliyyatlarına qarşı təhlükəsizlik siyasətinə malik olmalıdır".
Bu ilin sonunadək maliyyə sektorunda dələduzluğa qarşı - Yeni qaydalar tətbiq olunacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Bank of Baku"nun Ödəniş Sistemləri Departamenti direktorunun müavini Tamerlan Rüstəmov "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu siyasət çərçivəsində fintex təşkilatları bir sıra fəaliyyətləri təmin etməlidir:
"Onlar müvafiq məlumatlandırma işləri aparılmalı, struktur bölmələr arasında daxili kommunikasiya düzgün qurulmalı, daimi monitorinqlər keçirilməli, daxil olan sorğular qəbul edilərək emal olunmalıdır".
Bu siyasətin əsas bəndlərini qeyd edən direktor müavini banklarla bağlı təkliflərini də bildirib:
"Təklif edirəm ki, banklarla münasibətlərdə də eyni format tətbiq edilsin. Yəni, müvafiq çərçivə formalaşdırılarkən bu təhlükəsizlik siyasətinin mövcudluğu bir tələb kimi qarşıya qoyulsun. Bu yanaşmanın fırıldaqçılıqla bağlı məsələlərin müsbət həllinə birbaşa töhfə verəcəyini düşünürəm".













