“İdeal Kredit” BOKT 2019-cu il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Eləcə də bax: Kredit təşkilatı 3 dəfə böyüyüb - Mənfəəti 80 dəfə artıb - HESABAT
FED.az xəbər verir ki, 2019-cu ildə kredit təşkilatının faiz gəlirləri 912,5 min manat (14,2% və ya 113,5 min manat artım), faiz xərcləri 119,8 min manat (49,3 % və ya 116,3 min manat azalma) olub.
BOKT 2019-cu ildə 42 min ehtiyat ayırmalar etdikdən sonra 792,7 min manat xalis faiz gəliri əldə edib. Bu 2018-ci ildəki göstəricidən 18,4% və ya 6,5 min manat çoxdur.
BOKT-un xalis qeyri-faiz gəlirləri 129 min manat olub.
Xalis qeyri-faiz gəlirləri 2018-ci il hesabatına görə, 111,9 min manat və ya 7,5 dəfə artıb.
Artımın əsas hissəsi komissiya və haqların artımının hesabına olub – 38 dəfəlik artım nəticəsində bu gəlirlər 2018-dəki 2,7 min manatdan 2019-da 102 min manata yüksəlib.
“İdeal Kredit” BOKT 2019-cu ili 70,5 min manat vergi ödədikdən sonra 281,8 min manat mənfəətlə başa vurub. Bu 2018-ci ilin göstəricisindən 2,3 dəfə və ya 160,1 min manat çoxdur.
Qeyd edək ki, BOKT 2018-ci ili 121,7 min manat mənfəətlə başa vurmuşdu.
2019-cu ildə BOKT-un cəmi aktivləri 4 milyon 592,4 min manat (21,7% və ya 818,4 min manat artım) təşkil edib. Bunun böyük hissəsi kreditlərdir. Ötən il BOKT-un müştərilərə verilən kreditləri 4 milyon 102,4 min manat olub. Kreditlərin məbləği 2018-ci ilə görə, 29,1% və ya 925,2 min manat artıb.
BOKT-un cəmi öhdəlikləri isə 3 milyon 223,3 min manat (20% və ya 536,5 min manat artım). Ötən il «İdeal kredit» banklar və digər maliyyə təşkilatları qarşısında öhdəlikləri 6,3 dəfə və ya 1 milyon 444,6 min manat azalıb. Belə ki, banklar və digər maliyyə təşkilatları qarşısında öhdəliklər 2019-cu ildə 272 min manat, 2018-ci ildə 1 milyon 716,6 min manat olub.
Banklar qarşısında kreditlərin qaytarılması bokt-un faiz xərclərini də ikiqat azaldaraq 120 min manata endirib.
Əvəzində şirkətin öz səhmdarları və digər fiziki şəxslərə borcu 3 dəfə artaraq 2,57 milyon manatı keçib.
Nəticədə 2019-un sonuna BOKT-un cəmi kapitalı 1 milyon 369,1 min manat (25,9% və ya 281,8 min manat artım) olub. Bunun 647 min manatı səhmdarların kapitalıdır, 722 min manat isə indiyədək yığılan mənfəətdir.
Qeyd edək ki, 2018-ci ildə BOKT-un cəmi aktivləri 3 milyon 774,1 min manat, cəmi öhdəlikləri 2 milyon 686,8 min manat, cəmi kapitalı 1 milyon 87,3 min manat olub.