“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Ukraynaya hava uçuşlarını oktyabrın sonuna qədər dayandırıb. FED.az xəbər verir ki, bu barədə açıqlamasında AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways”in isə sentyabrın ortalarından Ukraynaya reyslərinin sayının artırılacağı gözlənilir.
Hazırda isə “Buta Airways” həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı reysini həyata keçirir.
Y.Əmirov bildirib ki, noyabrdan AZAL-ın Ukraynaya uçuşlarının bərpası məsələsinə yenidən baxıla bilər.
Xatırladaq ki, loukoster aviaşirkəti olaraq,“Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.
Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir.
Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunur. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür.
Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.