FED.az "Azərbaycan Sığortaçılar Assosasiyası" (ASA) İctimai Birliyinin sədri Mustafa Abbasbəylinin müsahibəsini təqdim edir:
- Hazırda Azərbaycanın sığorta bazarında vəziyyət və bu ilin sonuna proqnozlarınız necədir?
- Bu ilin I yarısında Azərbaycanda 396,371 mln. manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,5% çoxdur. Kəskin müsbət dinamika onu deməyə əsas verir ki, 2018-ci ilin yekununda sığorta daxilolmalarının məbləği 2017-ci ilin yekununa nisbətən çox olacaq.
- Azərbaycanda kənd təsərrüfatı və səfər sığortalarının daha geniş miqyasda tətbiqi planlaşdırılır. Bununla bağlı işlər hansı mərhələdədir? Sizcə, hazırda ölkədə hansı yeni sığorta növlərinə ehtiyac var?
- Kənd təsərrüfatı sığortası ilə bağlı ciddi işlər aparılır. Bununla bağlı qanun layihəsi tam işlənib hazırlanıb, ona bütün dövlət qurumlarından müsbət rəylər alınıb, hazırda hökumətdədir. Ümid edirik ki, sentyabr-oktyabr ayları ərzində həmin layihə Milli Məclisdə qəbul olunacaq.
Bir ailənin «full» sığortası neçəyədir? - MƏBLƏĞLƏRYeni aqrar sığorta modeli sığorta şirkətlərinin fermerlərlə vahid fond arasında agent funksiyası yerinə yetirərək komisyon haqqı almasını nəzərdə tutur. Yəni, sığortaçı satdığı məhsulun hesabına haqq alacaq və bu, kənd təsərrüfatı sığortası üzrə çox əlverişli variantdır. Çünki aqrar sektorun sığortası nəinki Azərbaycanda, bütün dünyada zərərli və riskli sığorta növüdür. Bu baxımdan sığorta şirkətinin həmin riski tam olaraq üzərinə götürməsi Azərbaycan şəraitində çətindir. Kənd təsərrüfatı sığortası üçün bir sıra xarici ölkələrin, o cümlədən İspaniya və Tükiyənin təcrübəsi araşdırılıb. Azərbaycanda tətbiq etmək üçün Türkiyənin “TARSİM” modeli seçilib. Bu da çox uğurlu modeldir. Vahid fond (“hovuz”) yaradılır və hadisə baş verdikdə dəymiş zərər həmin “hovuz”dan ödənilir. Fondun topladığı pullar hər hansı bir halda sığorta ödənişinin verilməsinə kifayət etmədikdə, dövlətin Fonda vəsait ayırması nəzərdə tutulub. Burada sığorta şirkəti sadəcə olaraq riskləri qəbul edib, müqavilə bağlayıb “hovuz”a ötürür, hadisə baş verdikdə bu hal müstəqil ekspertlər tərəfindən araşdırılır və həmin məbləğdə ödənişlər verilir. Yəni, çox işlək mexanizmdir.
Səfər sığortası ilə bağlı isə ASA-da işçi qrup yaradılıb. Bu qrup işini başa çatdırmaq üzrədir. Üç istiqamətdə təkliflər hazırlanır. Bunlardan biri ölkədən çıxan turistlərin sığortaya cəlb edilməsi hallarının artırılması, ikincisi ölkəyə gələn turislərin sığortaya cəlb olunması, üçüncüsü turizim şirkətlərinin məsuliyyət sığortası ilə təmin edilməsidir. Turoperatorların məsuliyyət sığortası icbari olmayacaq. Bu məsələ ilə bağlı Azərbaycan Turizm Assosasiyası ilə danışıqlar aparılıb, razılıq əldə olunub. Sadəcə şirkətlərin Dövlət Turizm Agentliyində müəyyən reyestrinin yaradılması haqqında hazırda bir qanunun qəbulu gözlənilir. Razılaşdırılıb ki, turoperatorların reyestrə salınması üçün məsuliyyəti sığortası mütləq olsun. Çünki bu gün səfər sığortası ilə bağlı kifayət qədər problem var. Bir sıra hallarda vətəndaşlar sığorta ödənişi ala bilmir. Turizm şirkətlərinin müflis olması ehtimalı, dələduzluğa yol verməsi imkanları da var. Son nəticədə vətəndaşlara sığorta ödənişi verilmir. Biz təklif edirik ki, bu hallarda zərəri turizm şirkətləri deyil, məsuliyyət sığortası hesabına sığorta şirkətləri ödəsin.
Ölkədə ehtiyac duyulan digər sığorta növlərinə gəlincə isə, həkimlərin peşə məsuliyyətinin sığortalanması nəzərdə tutulur. Bununla bağlı işçi qrupu kifayət qədər məhsuldar fəaliyyət göstərib. Təkliflərimizi artıq hazırlayıb aliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ünvanlamışıq. Düşünürük ki, maraqlı və zəruri sığorta növüdür. Ümid edirik ki, bu sığorta növü yaxın zamanda icbari şəkildə tətbiq olunacaq.
-Sizcə, ölkədəki hansı könüllü sığorta növləri icbariləşdirilməlidir?
- Bir sıra sığorta növlərinin icbariləşməsi aktual mövzudur. Bəzi sığorta növlərini biz icbariləşdirə bilməsək də, onun tətbiqini artırmalıyıq. Müəyyən vasitələrlə onun tətbiqini artıra bilərik. Məsələn, səfər sığortasını ölkədən kənara gedənə məcbur edə bilmirik, amma müəyyən qaydalar tətbiq etmək istəyirik ki, səfər sığortasını almayan turoperatorlar hansısa öhdəlik imzalasınlar. Biz təklif edirik ki, turu alan sığortadan imtina etdikdə, ona bu sığortanın təklif olunduğu və onun bundan imtina etməsini göstərən sənəd imzalasın. Bu, məsuliyyətin dərk edilməsinə yönəlmiş adddımdır. Biz inanırıq ki, on adamdan üçü onu imzalamaqdansa, sığortanı alacaq. Səfər sığortası çox cüzi məbləğlərdə, 3-20 manat məbləğində olan sığorta şəhadətnamələridir. Yəni bu kiçik məbləğlərlə kifayət qədər böyük xərclərdən özümüzü sığortalaya bilərik. Düşünürük ki, bu yollarla bu sığorta növlərinin tətbiqini artıra bilərik.
-Hazırda icbari sığorta potensial bazarın neçə faizini əhatə edir?
-Bu gün Azərbaycanda 5 icbari sığorta növü var. Avtomobillərin mülki məsuliyyətinin icbari sığortasında penitrasiya faizimiz demək olar ki, 100%-dir. İl ərzində təxminən 100 mln. manat sığorta haqqı toplanır. Potensial sığorta haqqı da 105-110 mln. manatdır. Penitrasiya faizi 95-100%-dir. Burda heç bir problem yoxdur. İkinci sığorta növü daşınmaz əmlakdır. İlkin hesablarımıza əsasən təxminən 300 mln. manatlıq bir bazar var. Lakin topladığımız sığorta haqları potensialın heç 10%-nə çatmır. Bununla bağlı müəyyən inteqrasiya işləri aparırırq. İcbari Sığorta Bürosu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə inteqrasiya məsələlərini müzakirə edirik. Biz bu inteqsiyanı əldə edə bilsək penitrasiya 10%-dən 20-30%-ə yüksələ bilər.
Əlavə olaraq, hazırda qanunvericlikdə cərimə mexanzimləri var. amma işlək vəziyyətdə deyil. Bunun üçün danışıqlar aparırıq. Türkiyə təcrübəsində daşınmaz əmlakın icbari sığortası elektrik enerjisinin haqqı ilə birlikdə ödənilir. Məsələn, Bakıda sığorta haqqı 50 manatdır. Bu da aylıq təxminən 4 manat deməkdir. “Azərişıq” hər ay enerji pulu ilə yanaşı əlavə olaraq 4 manat sığorta haqqı alıb sonra sığorta şirkətinə ötürə bilər. Bu, qonşu ölkədə çox işlək mexanizmdir və ona Azərbaycanda nail ola bilsək, daşınmaz əmlakın icbari sığortasında penitrasiyanı 90-100%-ə çatdıra bilərik. Hazırda bu mexanizmin tətbiqi imkanları öyrənilir, məsləhətləşmələr aparılır. Bunlar yekunlaşdıqdan sonra bizdə hazır işlək təklif olduqda, “Azərişıq”la məsələni müzakirəyə başlayacağıq. Yəni, Azərbaycan vətəndaşları daşınmaz əmlakın icbari sığortası haqqı işıq pulu ilə birlikdə ödəyə bilər
-Sığortada mediasiyanın tətbiqi hansı üstünlüklər gətirəcək?
- Biz mediasiyanın tətbiqində çox maraqlıyıq. Dünya təcrübəsini araşdırdıq. Başqa ölkələrdə mediasiyadan sırf sığorta mübahisələrinin həllində geniş istifadə olunur. Azərbaycanda sığortaya marağın az olmasının səbəblərindən biri inamsızlıqdır. Bunun da səbəblərindən biri mübahisələrin uzun müddət çəkməsidir. Mediasiya tək sığorta sahəsində deyil. Strateji Yol Xəritəsində mediasiya ilə bağlı müddəalar var. İlin sonuna mediasiya ilə bağlı qanunun qəbulu gözlənilir. Qanunun qəbulundan sonra məhkəmələrin işi yüngülləşəcək, mübahisələrin həlli müddəti qısalacaq. Mediasiyada hər hansı qərarverici orqan yoxdur. Professional mediator hər iki tərəflə danışq aparıb mübahisəni bir-birinə yaxınlaşdırır. Bu, peşəkar fəaliyyət növüdür. Ölkədəki pbu sahədə vəziyyəti araşdıranda məlum oldu ki, ölkədə cəmi bir şirkət bu sahədə kifayət qədər peşəkarlaşıb. Bu, mediasiya haqqında qanun qəbulunda iştirak edən ARBME adlı hüquq şirkətidir. Bu şirkətlə əməkdaşlıq etməyə çalışırıq. Hazırda sığorta şirkətləri ilə ümumi bir saziş mərhələsidir. Sazişi sığorta şirkətləri ilə bağladıqdan sonra ümid edirəm ki, prosesə başlaya biləcəyik.
- İpoteka krediti götürən şəxslərin həyat sığortası növü üzrə güzəştlərin tətbiqi gözlənilirmi?
- Hazırda 3 həyat sığortası şirkəti bu sığorta növü ilə məşğuldur. Bir müddət əvvəl İpoteka və Kredit Zəmanət Fondunun müraciəti vardı ki, buradakı sığorta haqları azaldılsın. Biz hər üç şirkətlə Fond arasında danışıqlar təşkil etdik. Müəyyən təkliflər qoyduq ki, bu sahədə qarşılıqlı əməkdaşlıq genişləndirilsin. Bəzi sığorta növlərində ya sığorta təminatları artırılsın, ya da sığorta haqları azaldılsın. Bununla bağlı sığorta şirkətləri müəyyən daxili müzakirələr apardılar. Hazırda sığorta haqlarının 5-10% azaldılması məsələsi gündəmdədir.
-Ölkədəki sığorta şirkətləri öz vəsaitlərini əsasən nəyə investisiya edirlər?
- Bu gün sığorta şirkətlərinin MBNP tərəfindən təsdiq edilmiş investisiya siyasətləri haqqında qaydaları var. Bu qaydalara əsasən, bir neçə istiqamət var. Bunlar, qiymətli kağızlar, banklar, əmlak və s.dir. Təəssüf ki, geniş spektr deyil. Nəzərə alsaq ki, Azərbaycan qiymətli kağızlar bazarı arzuolunan səviyyədə inkişaf etməyib, sığorta şirkətlərinin bir neçə alternativi var. Bu, banklara investisiyanın yatırılması, daşınmaz əmlakın alınmasıdır. Qiymətli kağızlardan da yalnız dövlətə məxsus olanlarda 100%-lik təminat var. Onların gəlirliliyi isə olduqca aşağıdır. Bu baxımdan yeni investisiya qaydaları şirkətlərlə müzakirə olunub. Artıq ASA təklifləri Palataya ünvanlayıb. Biz bu təkliflərin nəzərə alınmaqla qəbul olunmasını gözləyirik. Əgər bu təkliflər qəbul olunarsa, sığorta şirkətlərinin müəyyən investisiya imkanları daha da genişlənəcək.
İnvestisiya qaydalarında belədir ki, məsələn, daşınmaz əmlaka 1 mln. manat pul ödənilirsə, onun 60%-i məcmu kapitalında hesablanır. Dövlət qiymətli kağızlarına yönləndiriləndə bunun 100%-i hesablanır. Bir banka qoyulan vəsaitin 80%-i qəbul olunur. Biz istəyirik ki, faiz nisbətləri artırılsın ki, şirkətlər daha çox bu istiqamətlərə yönlənsinlər.
-Sığorta şirkətlərinin sağlamlaşdırılması ilə bağlı hansı yenilik gözlənilir?
- Mövcud sığorta şirkətlərinin 5 mln. manatlıq minimal kapital tələbi var. Bu tələbdən az olduqda nəzarət orqanı şirkətə müdaxilə edə bilər. Hazırda MBNP tərəfindən müvəqqəti inzibatçılıqla bağlı sığorta fəaliyyəti haqqında qanuna düzəlişlər təklif olunub. Düzəlişlər olduqdan sonra sığorta şirkətləri ilkin müdaxilə tədbirləri həyata keçirə biləcək. Belə ki, əvvəllər sığorta şirkəti tələbə riayət etmədikdə birbaşa lisenziyasının alınması məsələsi vardısa, dəyişiklikdən sonra proses 3 mərhələdən ibarət olacaq. Yəni bu siqnallar olduqda, kapital tələbi 10% azaldıqda şirkətdən sağlamlaşdırma ilə bağlı plan, 20% azaldıqda şirkətin rəhbər işçilərinin dəyişdirilməsi tələb oluna biləcək. Kapital 30% azaldıqda şirkətin rəhbərliyinin məcburi qaydada əvəz olunması tələb oluna bilər. Bu təcrübə banklar haqqında qanunda var. Eyni müddəaların sığorta fəaliyyəti haqqında qanunda tətbiqi nəzərdə tutulur. Yəqin ki, bu məsələ Milli Məclisin payız sesssiyasında müzakirə ediləcək.
-Ölkədəki sığorta şirkətlərinin banklardan asılı olduğu deyilir. Siz hazırki durumu necə dəyərləndirirsiz?
- Bu gün Azərbaycan sığorta bazarının vəziyyəti 2008-ci ilə qədər olan səviyyədə deyil. Bir neçə dəfə baş verən proseslər - maliyyə böhranı, devalvasiyalar sığorta şirkətlərin banklardan asılılığını demək olar ki, 100% azaldıb. Hazırda birmənalı demək olar ki, heç bir sığorta şirkəti heç bir bankdan asılı deyil. Çünki əvvəllər banklardan ödənilən kreditlərdə məcburi sığortalanma şərtləri vardı. Bu, xüsusilə kasko və əmlak sığortalarına aid idi. Bu gün banklarda kreditləşmənin kifayət qədər az olması bu vasitə ilə sığorta şirkətinə ötürülən sığorta haqlarını minimuma endirib. Sığorta şirkətləri artıq müstəqilləşib, özlərinə bankdan asılı olmadan müxtəlif satış istiqamətləri müəyyən ediblər və satışlarını banklardan kənar həyata keçirirlər.
-Sığorta sahəsində hansı təbliğat-təşviqat işləri planlaşdırılır?
- Təbliğat qrupu yaratmışıq. Hazırda bazarın təbliğat strategiyasını hazırlayırıq, sentyabrdan tətbiqinə başlayacağıq. Bura sosial çarxların hazırlanması, sosial mediada reklamlar, universitetlərlə iş, vətəndaşlarla yaxından təmas və s. daxildir. Bu istiqamətdə maraqlı işlər görə bilərik və bunun üzərində çalışırıq.
-ASA-nın üzvlərindən üzvlük haqlarının yığılmasında son durum necədir?
- Yığımlarda bəzi şirkətlərin ödənişlə bağlı müəyyən çətinlikləri vardı. Hazırda həmin şirkətlərin müraciətlərinə əsasən onlarla qısa vaxtında üzvlük haqlarının ödənilməsi ilə bağlı razılığa gəlib saziş bağlamışıq. Hazırda hər hansı problem görmürük.