Azərbaycanın sığorta bazarı maraqlı yenilklər ərəfəsindədir. İqtisadi situasiyanın dəyişməsi və rəqabətin güclənməsi fonunda müştəri uğrunda mübarizə aparan sığorta şirkətləri həm də xərclərini azaltmağa çalışırlar. FED.az xəbər verir ki, vəziyyət, indiyədək az qala müqəddəs sayılan şirkət-agent münasibətlərinə də yenidən baxmaq həddinədək çatıb. Bazarın əsas iştirakçılarından olan AZSIĞORTA şirkəti deyəsən, vəziyyətdən çıxış yolunu tapıb. Şirkət ilk baxışdan riskli görünə bilən addımlarla bazardakı ənənəvi münasibtlərə son qoymaq, hər halda öz fəaliyyətində bunları tətbiq etmək niyətindədir. AZSIĞORTA-nın hazırkı durumu, agentlərlə münasibətləri və 2018-ci ilə olan planları ilə bağlı FED.az-ın suallarına şirkətin iİdarə Heyətinin sədri Anar Talıbov cavab verir.
- Anar müəllim, 2018-ci ildə AZSIĞORTA öz fəaliyyətində hansı yeniliklər etmək niyyətindədir?
- Bu il üçün əsas planlarımız rəqəmsallaşma üzərində qurulub. Eləcə də daxili optimizasiya işləri aparacağıq, biznes proseslərimizi təkmilləşdirəcəyik və əsas fokusu müştəri məmnuniyyətinə yönəldəcəyik.
- Bəs satış siyasətinizdə dəyişiklik edəcəksinizmi? Mən sığorta agentləri ilə münasibətləri nəzərdə tuturam.
- Bu günə qədər bir çox hallarda müştərilər yalnız şığorta agentini tanıyırdılar, amma sığorta şəhadətnaməsinin hansı şirkət tərəfindən buraxıldığını heç bilmirdilər. Əslində, bu şirkətlər arasında sağlam rəqəbət aparılmasına mane olan bir amildir. Biz artıq, satış siyasətimizi dəyişmişik. Belə ki, agentlər vasitəsilə yox, müştəri ilə birbaşa təmas qurmağa üstünlük veririk. Onlayn satışlarımızın genişləndirilməsi üzərində çalışırıq. Müştərilərə məhsul və xidmətlərin çatdırılmasında vasitəçilərin rolunun minimallaşdırılması nəzərdə tutulub.
- Agentlərdən imtina edirsiniz?
- Xeyr, bu o demək deyil ki, biz agentlərdən tam imtina etmişik, sadəcə bizim fokusumuz müştəri ilə birbaşa işləməkdir.
- Onda belə çıxır ki, agentlərin sayını azaldacaqsınız?
- Bəli, bu artıq baş verib.
- Nə qədər?
- Dəqiq rəqəm deyə bilmərəm, amma sayı az deyil. Satış siyasətimizi dəyişəndə bir çox agentlərimiz bizi tərk edəcəyinə hazır idik.
- Şirkəti hansı səbəbdən tərk edirlər?
- Əvvəlki satış siyasəti agentlər üzərindən qurulduğuna görə bu işin idarə edilməsi üçün departamentlərə, şöbələrə, onların rəhbərlərinə, nəzarət mexanizmlərinə, bir çox prosedurlara ehtiyyac var idi. Bu şirkətin xərclərini xeyli artırırdı. Yeni satış siyasəti çərçivəsində bu infrastruktura ehtiyac qalmadı. Daha öncəki biznes modelin nəticəsində müştəri loyallığı şirkətin deyil, ayrı-ayrı fərdlərin üzərində qurulmuşdu.
- Belə aydın olur ki, belə addıma müttəfiqsiz getmək olmazdı. Çünki sizi tərk edən agent digər şirkətlərə üz tutacaqdı.
- Xeyr, elə deyil. Biz bu addımı atanda gözləyirdik ki, agentlər rəqib şirkətlərə keçəcək və bu ilk mərhələlərdə maliyyə göstəricilərimizə təsir edəcək, lakin biz ilk növbədə dəyişgən bazar şəraitinə çevik reaksiya verməyi düşünürdük. İndi görürük ki, digər şirkətlər də bu istiqamətdə addımlar atır.
- Bəs agentlərlə əlaqəni azaldanda sizin şirkətin öz infrastrukturu imkan verəcəkmi müştərilərə özünüz çıxasınız? Çünki elə agentlər vardı ki, hətta ucqar nöqtələrdə də sizin məhsulları sata bilirdi. Əməkdaşlığı daynadırandan sonra siz məsələn, həmin yerdə bu işi necə quracaqsınız?
- Bilirsiniz, ola bilər ki, bu gün həmin yerə bizim əlimiz çatmayacaq, amma biz çalışırıq. Bundan başqa, inkişaf hər yerdə, hər sahədə gedir, ölkəmiz də inkişaf edir. Artıq internet hər yerə çatır. Məqsədimiz mövcud texnologiyalar vasitəsilə müştərilərə daha yaxın olmaqdır.
- Bəs brokerlərlə əməkdaşlıq davam edirmi? Yoxsa əməkdaşlığı dayandıranlar da var?
- Sözsüz ki, onlarla da əməkdaşlıq zəifləyib. Onların bizə ötürdüyü müştəri axını özü azalıb.
- Sizin bütün bunları etməkdə məqsədiniz nədir? Təkcə komissiyada qənaət etmək?
- Əsas məqsəd bahalı satış kanallarından asılılığı azaltmaq və şəffaflığı artırmaqdır.
- Hazırda AZSIĞORTA-da portfelinizin bölgüsü necədir? İcbari və KASKO növlərini müqayisə etsək ciddi dəyişiklik varmı?
- Ümumiyyətlə, KASKO portfeli bazar üzrə potensialından çox uzaqdır. Xüsusilə avtomobil kreditləri həcmcə azaldıqdan sonra KASKO sığortalarda azalma müşahidə olunurdu. Biz bu istiqamətdə də işləyirik. Çalışırıq bazara yeni məhsullar çıxaraq və trendləri izləyək. Misal üçün bu yaxınlarda bazarda «KASKO BUTİK» fəaliyyətə başlayıb və biz orada iştirak edirik. Orada həmin məhsulun iş prinsipinə görə, sığorta müqaviləsinin arxasında 1 deyil, 6 sığorta şirkəti təminat verir. Onlardan biri də bizik. Bundan başqa, biz özümüz də 2018-ci il üçün könüllü növlər üzrə yeni məhsullar hazırlayırıq.
- Bu məhsullar hansı növlərə aid olacaq?
- Bunlar əsasən əmlak və avtomobil sığortası ilə bağlıdır. Çünki biz bu məhsulları əhali üçün hazırlayırıq, əhali üçün isə ən aktual olan sığorta növləri bunlardır.
- Yəni siz artıq əhali sektoruna daha çox diqqət yetirəcəksiniz, nəinki korporativ sektora, eləmi?
- Ümumiyyətlə, məqsədimiz əhali ili işləməkdir. Çünki sığortanın məqsədi də sosial yönümlülükdür. Yəni biz təminat verməliyik, insanlar isə arxayın olmalıdırlar. Vətəndaşların, yəni potensial müştəri bazarının tələblərində müəyyən dəyişikliklər baş verəcəyini proqnozlaşdırırıq. Mülkiyyət və sağlamlığın təminatlı şəkildə qorunması tendensiyasının müsbət olmasını hər bir halda mövcud iqtisadi inkişaf da şərtləndirir.
- Vətəndaşlar, yəni fərdi şəxslər üçün, tibbi sığortaya başlamaq niyyətiniz varmı?
- Siz bilirsiniz ki, dövlətimiz tərəfindən icbari tibbi sığorta agentliyi yarıdılıb və onlar artıq iki pilot layihəni uğurla həyata keçirirlər. O baxımdan çox güman ki, biz layihənin tamamlanmasından sonra vəziyyətə baxacağıq. Baxacayıq ki, biz bura hansı tərəfdən kömək edə bilərik.
- Yəni demək istəyirsiniz ki, baxacaqsınız ki, icbari tibbi sığortanın əhatə etmədiyi hansı xidmətlər qalır?
- Söhbət onların təminatından gedir, bəlkə icbari tibbi sığortanın tətbiqindən sonra əhalinin heç könüllü tibbi sığortaya ehtiyacı qalmayacaq. Və ya, ola bilər ki, vəziyyəti qiymətləndirərək, tibbi sığortada öz indiki xidmətlərimizdən daha keyfiyyətli xidmətlər təklif edək. O baxımdan bütün bunların aydınlaşması üçün hələ gözləyirik.
Sığorta şirkətinin rəhbəri: «Əsas məqsəd bahalı satış kanalından asılılığı azaltmaqdır» – MÜSAHİBƏ
15:14
16 Yan 2018