2026-cı ilin birinci rübünə kimi Ələt Azad İqtisadi Zonasında yeni hava limanının fəaliyyətə başlayacağı gözlənilir.
Bakı yaxınlığında yeni aeroport tikiləcək – 2026-CI İLDƏN İŞƏ DÜŞƏCƏK
Müasir standartlara cavab verən beynəlxalq karqo hava limanının inşası üzrə işlərə artıq başlanılıb.
Yeni hava limanı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
FED.az xəbər verir ki, deputat Vüqar Bayramlı açıqlamasında bildirib ki, Bakı şəhərinin yaxınlığında yeni hava limanının tikilməsi Ələt Azad İqtisadi Zonasının daha səmərəli şəkildə istifadəyə verilməsi ilə bağlıdır:
“Ələt Azad İqtisadi Zonası kimi məkan digər ölkələrdə də var. Burada əsas məqsəd investorların istehsal etdikləri məhsulları xarici bazara çıxartmaq, həmçinin zonaya texnologiya və xam malın daha asan şəkildə gətirilməsini təmin etməkdir. Yeni hava imanının inşası buradakı potensiyalı daha da artıracaq, qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək”.
Deputat bildirib ki, Ələt Azad İqtisadi Zonası haqqında ayrıca qanun var:
“Burada hasilatın pay bölgüsü ayrı qanunla tənzimlənir ki, bu da yerli və xarici investorlara ciddi bir mesajdır. Bu, sərmayənin cəlb edilməsi üçün yeni bir alətdir. Yeni hava limanının inşası beynəlxalq standartlara uyğun olacaq.
Zona Azərbaycan iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək. Eyni zamanda, Ələt Azad İqtisadi Zonaya çoxlu investorların, sərmayələrin cəlb edilməsi yeni iş yerinin yaradılması deməkdir”.
Qeyd edək ki, hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Hava limanı ilk növbədə azad iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək.
Xatırladaq ki, Ələt Azad İqtisadi Zonası üçün Bakı Beynəlxalq Dəniz Limanı yaxınlığında 719 hektar torpaq sahəsi ayrılıb.