Süni intellekt inkişaf edir və biz mümkün qədər tez reaksiya verməyə çalışırıq. Bu, yəqin ki, dünyadakı bütün təhsil sistemləri üçün bir çağırışdır".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, uşaqlar və müəllimlər üçün tyutorlar tətbiq edilib və iki gün əvvəl isə “OpenAI” şirkəti ilə iri sövdələşmə imzalanıb.
"Məqsədimiz süni intellekti sadəcə uşaqların boş vaxtlarında istifadə etdiyi və ya ev tapşırıqlarına kömək edən bir alət kimi deyil, təhsil prosesinin idarə olunmasına, tədrisə, qiymətləndirməyə və müəllimlərə dəstək sisteminə necə inteqrasiya edə biləcəyimizi müəyyənləşdirməkdir. Bunlar artıq həyata keçirdiyimiz çevik addımlardır, - deyə o, əlavə edib.
Nazir müavini bildirib ki, biz təhsil barəsində bünövrədən danışmağı sevirik:
"Çünki təbiəti etibarilə çevik reaksiya verə bilən, uyğunlaşan və inkişafın müxtəlif mərhələlərində ehtiyac duyacağı bacarıqları öyrənib mənimsəyən nəsil yetişdirmək vaxt tələb edir. Bunun üçün isə uşaq bağçasından başlamaq lazımdır.
Əgər bu bünövrə qoyulmasa, gələcəkdə uşaqlara əməkdaşlıq, liderlik və digər bu kimi keyfiyyətləri öyrətmək çətin olacaq. Çünki burada olan hər kəs, o cümlədən mən də övladı olan bir insan kimi bilirəm ki, xarakter çox erkən yaşlarda formalaşır. Bu bacarıqlar da məhz erkən yaşlarda aşılanır".












