Mayın 26-da "Standard and Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqlərini növbədənkənar qiymətləndirmə çərçivəsində dəyişməyərək müvafiq olaraq 'BB+/B' səviyyəsində saxlayıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, növbədənkənar qiymətləndirmənin keçirilməsinin səbəbi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilərək bir hissəsinin dövlətin suveren öhdəliklərinə ötürülməsi ilə bağlı planın açıqlanması olub.
“Standard and Poor’s” bildirir ki, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası çərçivəsində dövlətin xarici borcunun ÜDM-ə nisbətdə artımı cari ilin yanvar ayında agentlik tərəfindən ölkə reytinqinin qiymətləndirilməsində nəzərə alındığından ölkənin suveren reytinqinə təsir etmir.
“Standard and Poor’s” tərəfindən Azərbaycanın beynəlxalq reytinqinin dəyişməz olaraq saxlanılması ABB-nin xarici borclarının restrukturizasiyası planının ölkənin beynəlxalq reytinqinə mənfi təsir göstərəcəyi və yeni borclanmalar üzrə faiz dərəcələrinin artacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu sübut edir.