Azərbaycan Beynəlxalq Bankının (ABB) istiqrazlarına investisiyaları Qazaxıstanın Vahid Yığım Pensiya Fondu (VYPF) deyil, keçmiş Milli Bank əməkdaşları tərəfindən qoyulub. FED.az "Report"a istinadən xəbər verir ki, "Tengrinews.kz" saytının yazdığına görə, bu açıqlama ilə Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev çıxış edib.
"2014-cü ilin oktyabr ayında VYPF-nin investisiya portfelinə ABB-nin 10 illik 8,25 kupon faizli 250 mln. ABŞ dolları həcmində istiqrazları alınıb. Emissiya bağlı üsulla xüsusi ofşor şirkət tərəfindən yerləşdirilib və yeganə investor VYPF-nin vəsaitlərini idarə edən Qazaxıstan Milli Bankı olub. İstiqrazlara investisiya qərarı da məhz Milli Bankın əməkdaşları tərəfindən verilib", - deyə D.Akişev bildirib.
Baş bankir həmçinin qeyd edib ki, "dünən Londonda kreditorlara təqdim olunan ABB-nin borcunun 3 restrukturizasiya planı investorlar üçün zərər və ya şərtlərin pisləşməsini göstərib. Bu mənada Milli Bank və hökumətimiz ən təhlükəsiz restrukturizasiya variantını seçəcək".
Xatırladaq ki, 2016-cı ilin mart ayında Qazaxıstan Milli Bankı Azərbaycan Maliyyə Nazirliyi və ABB-yə məktub göndərərək Bankın maliyyə vəziyyətindən narahat olduğunu bildirib. Paralel olaraq anlaşmanı həyata keçirən "Citigroup"a istiqraz sahibinin vaxtından əvvəl ödənişi tələb etmək hüququ barədə bildirilib.