2016-cı il dövlət büdcəsinin "Kommunal təsərrüfatı" köməkçi bölməsindən mərkəzləşdirilmiş xərclər üzrə "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsə 8 mln. 182,1 min manat məbləğində vəsait təsdiq edilib, icra isə təsdiq edilmiş təyinata qarşı 7 mln. 913,4 min manat və ya 96,7% olub ki, bu da 2014-cü illə müqayisədə 3 mln. 546,9 min manat və ya 81,2%, 2015-ci illə müqayisədə 3 mln. 781,2 min manat və ya 91,5% çox olub. FED.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Sənəddə vurğulanıb ki, ayrılmış vəsait bütövlükdə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” pararafı üzrə xərc edilib.
Bununla yanaşı publik hüquqi şəxsin tabeliyində olan kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin işçilərinin əmək haqqı artımı üçün tələb olunan vəsaitə görə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı sahəsində yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidənqurulması, abadlaşdırılması ilə bağlı xərclər”dən 1,398 mln. manat məbləğində vəsait təsdiq edilib ki, bu da 1 mln. 329,5 min manat və ya 95,1% icra olunub.
Təqdim olunmuş maliyyə hesabatlarına əsasən müvafiq xərc üzrə təsdiq edilmiş 1,398 mln. manat məbləğində vəsaitə təyinat səviyyəsində maliyyələşmə açılıb, 1 mln. 329,5 min manat məbləğində eyni olmaqla kassa və faktiki xərc aparılıb. Vəsait tam olaraq iqtisadi təsnifatın “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə xərc olunub.
Maliyyə hesabatlarına əsasən təsdiq edilmiş 8 mln. 182,1 manat məbləğində vəsaitə qarşı 8182,1 min manat məbləğində maliyyələşmə açılıb, 7 mln. 913,4 min manat məbləğində kassa xərci və 7 mln. 582,3 min manat məbləğində faktiki xərc olub. Debitor və kreditor borcları barədə məlumata əsasən ilin əvvəlinə yanacaq və sürtkü materiallarının alınmasına görə 20,2 min manat debitor borc olub, il ərzində 12,7 min manat artaraq 32,9 min manat, əsaslı xərclər üzrə ilin sonuna 298,2 min manat, hesabat dövrünün sonuna isə cəmi 331,1 min manat məbləğində debitor borc olub. Müəssisə tərəfindən debitor borcların yığılması və ləğvi istiqamətində lazımi tədbirlər görülməyib.
Hesabat dövrünün əvvəlinə kreditor borcu olmayıb, ilin sonuna isə 247,8 min manat məbləğində kreditor borcun olduğu qeyd edilib. Borcun 34,7 min manatı əməyin ödənişi üzrə, 206,5 min manatı malların (iş və xidmətlərin) satınalınması üzrə, 6,6 min manatı digər xərclər üzrə olub.
Hesabat dövrünün sonuna xərclənməyən 337,2 min manat məbləğində vəsait dövlət büdcəsinə qaytarılıb.