Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mikromaliyyə təşkilatlarının ödəniş sistemlərinə inteqrasiya olunması və maliyyə texnologiyalarından geniş istifadə edə bilmələri üçün tənzimləmə siyasətində dəyişikliklər etməyə hazırlaşır.
FED.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında MBNP-nin baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.
Onun sözlərinə görə, tənzimləmə siyasətində dəyişiklik əhali və bu sektorun müştərilərinin maliyyə xidmətlərinə əlçatanlığını maksimum dərəcədə artırmağa imkan verəcək: "6 dekabr 2016-cı ildə prezident İlham Əliyevin fərmanı ilə maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsi imzalanıb. Həmin sənəddə mikromaliyyə institutları ilə bağlı iki əsas istiqamət nəzərdə tutulub. Birinci istiqamət ondan ibarətdir ki, bu növ təşkilatlar riskəsaslı tənzimləmə və nəzarət altında fəaliyyət göstərməlidirlər. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək bu sektorun riskəsaslı nəzarət və tənzimləmə sahəsində dünya təcrübəsinə araşdırırıq və bunu tətbiq etməyi planlaşdırırıq. Digər istiqamət olaraq strateji yol xəritəsində nəzərdə tutulduğu kimi mikromaliyyə təşkilatları ödəniş sistemlərinə inteqrasiya olunmalı, maliyyə texnologiyalarından geniş istifadə etməlidirlər. Biz bunu dəstəkləyirik və artıq tənzimləmə siyasətində dəyişikliklər etməyə hazırlaşırıq ki, əhali və sektorun müştəriləri maliyyə xidmətlərinə əlçatanlığı maksimum dərəcədə artıraq".
Palata ciddi dəyişikliklər edəcək
11:44
6 Okt 2017