Azərbaycanda vergi siyasətinin 2018-2021-ci illəri əhatə edən prioritet istiqamətləri açıqlanıb.
FED.az xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
Sənəddə vurğulanıb ki, qeyd edilən dövrdə vergi ödəyicilərinin gəlirliliyini və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün optimallaşdırılması ilə qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması, ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmaların monitorinqinin aparılması, səmərəliliyinin müəyyən edilməsi, bu sahədə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Bundan başqa, istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə regionlarda ixrac yönümlü məhsulların istehsalı ilə məşğul olan ixracatçılara, kiçik və orta sahibkarlıq subyektlərində muzdla işləyən işçilərin sayından əmə haqqı fondundan asılı olaraq əlavə vergi güzəştlərinin tətbiqi mexanizminin işlənib hazırlanması planlaşdırılır.
Bununla yanaşı, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakının təmin edilməsi də nəzərdə tutulur.
Qeyd edilən dövrdə ƏDV qeydiyyatında olan və Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla dövrü olaraq xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması və xronometraj metodu ilə müşahidənin aparılması qaydaları, o cümlədən məcburi xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektlərin meyarları müəyyənləşdiriləcək.